Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

“Zəfər nəfəsli nəğmələr” regional mahnı müsabiqəsinə start verilir

16.10.2024

Tarixi Zəfərimizin dördüncü ildönümü ilə əlaqədar Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən "Zəfər nəfəsli nəğmələr" adlı regional mahnı müsabiqəsinə start verilb. Müsabiqədə Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından olan 15-30 yaşlı yeniyetmə və gənc müğənni və xanənəndələr iştirak edə bilər. Müsabiqədə iştirak edən ifaçılar tarixi zəfərimizə, vətənimizin tərənnümünə, vətənpərvərliyə, igidliyə, qəhrəmanlığa həsr olunan xalq və ya bəstəkar mahnıları təqdim etməlidir. Hər bir ifaçı müsabiqəyə qatılarkən öz vokal imkanlarını,ifaçılıq bacarığını, səhnə mədəniyyətini nümayiş etdirməli, təqdim olunan əsər 4-5 dəqiqədən artıq olmamalıdır. Həmçinin müsabiqə iştirakçısı bir mahnı təqdim etməklə bərabər daha iki ehtiyat mahnı da hazırlamalıdır. Təqdim edilən ifa bölgənin təcrübəli incəsənət ustalarından ibarət münsiflər heyəti tərəfindən 1-5 bal həcmində qiymətləndiriləcəkdir.

Müsabiqənin nəticələrinə əsasən 1 nəfər 1-ci yerin, 2 nəfər 2-ci yerin, daha 2 nəfər isə 3-cü yerin qalibi elan ediləcəkdir. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılacaqdır.

Müsabiqə iştirak etmək istəyənlər 16 oktyabr 2024-cü il tarixindən 30 oktyabr 2024-cü il tarixinədək həftəiçi I-V günlər saat 09:00-dan 18:00-dək hər rayon üzrə (Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən) mədəniyyət mərkəzlərində qeydiyyatdan keçməlidir.

Müsabiqə 01 noyabr 2024-cü il tarixində B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Məkəzində keçiriləcəkdir.

Müsabiqənin ardınca qaliblərin və fərqlənən ifaçıların iştirakı ilə "Zəfər nəfəsli nəğmələr" adlı  qala konsert nümayiş olunacaqdır.

Qeyd:

Sənəd qəbulu zamanı tələb olunur:

   - iştirakçının şəxsiyyət vəsiqəsinin surəti

   - 3 x 4 ölçüdə 1 ədəd fotoşəkil

   - iştirakçının adı, soyadı,ata adı, yaşayış ünvanı, müsabiqədə ifa edəcəyi mahnının adı,

    - ehtiyat üçün daha iki mahnının adı ayrıca A4 vərəqdə qeyd edilir.

Əlaqələndirici şəxs: Ramiz Ramazanlı (050) 383-28-23