12.06.2025
12.06.2025-ci il tarixində Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin Döyüş Şöhrəti və Xalça muzeyi filiallarının birgə təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş "Azadlığa gedən yol" adlı tədbir keçirilib.
Tədbir dövlət himninin səslənməsi və Ulu öndər Heydər Əliyevin, vətən torpağı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə mövzü ilə bağlı çıxışlar səslənib. Qeyd olunub ki, bəzi tarixi günlər xalqın gələcəyini müəyyən edən böyük başlanğıcların əsasını qoyur. Tariximizə 1993-cü ilin 15 iyun tarixində Milli Qurtuluş Günü kimi daxil olan bu gün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gündür. Vətənini, xalqını sevənlər, çətin günlərin ağrılarını, dəhşətlərini yaşayanlar üçün 15 iyun əsl qurtuluş günü, Azərbaycan dövlətçiliyinin ən mürəkkəb dövrünün tarixidir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası müstəqilliyini elan etdi. Əsrin əvvəlindən fərqli olaraq, bu dəfə müstəqilliyin ömrü əbədi olmalı idi. Müstəqilliyin ilk illərində ölkədə özbaşınalıq hökm sürürdü, orduda vəziyyət ağır idi. Məhz belə bir dönəmdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.
Rəsmi hissədən sonra tədbir Xaçmaz rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin və Xaçmaz Uşaq İncəsənət məktəbinin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya ilə davam edib. Rəngarəng mahnı və rəqslər ifa edilib, şerlər səslənib.
Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Həmkarlar İttifaqı komitəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və məktəblilər iştirak edib.