Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

“Nur saçan ömür” adlı konfrans keçirilib

28.04.2026

 

Aprelin 28-də Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzi və Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü il dönümünə həsr olunmuş “Nur saçan ömür” adlı konfrans keçirilib.

Tədbirdə mədəniyyət işçiləri, gənclər, tələbələr və kitabxananın fəal oxucuları iştirak ediblər. “Zərifə xanım Əliyeva” adlı kitab sərgisinə baxış keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Konfransda çıxış edənlər bildiriblər ki, XX əsr Azərbaycan tarixinin ən parlaq simalarından biri olan, görkəmli elm və səhiyyə xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyeva öz zəngin elmi irsi, milli-mənəvi dəyərlərə sədaqəti, yenilikçiliyi və yüksək humanist keyfiyyətləri ilə xalqımızın yaddaşında əbədi iz qoyub. Onun adı ictimai fikir tariximizdə daim dərin ehtiramla xatırlanan, zamanın sınağından çıxmış nadir şəxsiyyətlər sırasında qızıl hərflərlə həkk olub.

Tədbir Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin solistlərinin ifasında musiqi nömrələri ilə davam etdirilib.

Sonda gənc rəssam tərəfindən çəkilmiş Zərifə xanım Əliyevanın portreti nümayiş olunub.