10.12.2021
10 dekabr 2021-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Əsl Vətəndaş, Böyük Şəxsiyyət və Qüdrətli Lider” mövzusunda onlayn tədbir keçirildi. Tədbiri giriş sözü ilə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov açaraq Ümumilli liderin həyat və fəaliyətindən, onun xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb. İdarə rəisi bildirdi ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.
Daha sonra çıxış edənlər - Qusar Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurrəhmanova, Xaçmaz Heydər Əliyev Mərkəzinin direktoru Könül Əskərova, Şabran Heydər Əliyev Mərkəzinin direktoru Təvəkkül Əliyev və Siyəzən Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev qeyd etdilər ki, müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin və onun layqili davamçısı ölkə başçısı cənab İlham Əliyevin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.