29.04.2022
28 aprel 2022-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov Xaçmaz rayonunun Bayoba kəndində Vətən müharibəsi şəhidi Vahid Məclum oğlu Baxşiyevin ailəsini ziyarət edib. Görüş zamanı bildirildi ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuz Qarabağı və digər ərazilərimizi işğaldan azad etməklə 30 illik yurd həsrətinə son qoydu və 2020-ci il müstəqil Azərbaycanımızın hərb tarixinə şanlı səhifə kimi yazıldı. Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında əsl qəhrəmanlıq göstərərək bütün dünyaya sübut etdilər ki, Qarabağ Azərbaycandır!
Şəhid atası Məclum Baxşiyev böyük qələbədə övladının da payı olduğu üçün fəxr etdiklərini bildirdi.
Qeyd edək ki, Vahid Baxşiyev 17 may 1999-cu ildə Xaçmaz rayonunun Bayoba kəndində anadan olmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Vahid Baxşiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vahid Baxşiyev 30 oktyabr 2020-ci ildə Suqovuşan döyüşləri gedişatında Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, döyüş tapşırıqlarını uğurla icra etdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə və Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Vahid Baxşiyev ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!