07.06.2022
Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin qarşısında, açıq havada “Şuşa ili”nə həsr olunmuş “Oxu bayramı” keçirildi. Tədbirdə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyyəddin Əliyev, Milli Məclisin deputatı Vahid Əhmədov, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, ağsaqqallar, gənclər, yeniyetmələr, ziyalılar, yerli yazarlar və başqaları iştirak edirdi. İlk öncə tədbirə təşrif buyurmuş qonaqlar müxtəlif mövzularda təşkil olunan, milli-mənəvi dəyərlərimizi əks etdirən kitab sərgiləri, MKS-nin mərkəzi kitabxanasının rəsm və bacarıqlı əllər dərnək üzvlərinin əl işlərindən ibarət sərgiləri ilə tanış oldular. Tədbirdə Səməd Vurğunun “Vaqif” dramından bir parça, fəal oxucuların ifasında Ulu öndərə, Şuşaya və Vətənə həsr olunmuş şeirlər dinlənildi, “Günəş” körpələr evi uşaq bağçasının körpə fidanlarının təqdimatında rəqslər və “Cırtdan” nağılından kiçik bir səhnə nümayiş olundu. Daha sonra Dövlət Himni səsləndirildi, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyi, müstəqilliyi uğrunda canlarında keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbirin rəsmi hissəsində Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bayram münasibəti ilə hər kəsi təbrik etdikdən sonra çıxış edərək, bildirdi ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdiğı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə, ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır. Milli Məclisin deputatı, Millət vəkili Vahid Əhmədov çıxışında “Şuşa ili” çərçivəsində bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən, Şuşada, Qarabağda aparılan dirçəliş, quruculuq işləri haqqında danışdı. Daha sonra Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov regionda mədəniyyət müəssisələri tərəfindən “Şuşa ili” ilə əlaqədar keçirilən silsilə tədbirlərdən danışaraq bu kimi tədbirlərin ilboyu davam edəcəyini bildirdi. YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, “Əhməd Cavad” mükafatı laureatı şair Ramiz Qusarçaylı, rayon MKS-nin direktoru Saməddin Nəsirov çıxış edərək, ölkəmizdə kitabxana işi sahəsində uğurla aparılan möhtəşəm quruculuq işlərindən, Azərbaycan Respublikası Prezidentinin silsilə Fərman və Sərəncamlarından, kitabxana –informasiya sahəsindəki yeniliklərdən, kitabxanalardakı işin müasir tələblərə uyğun qurulmasından danışdılar. Bayram tədbiri B.Səfəroğlu adına rayon Mədəniyyət Mərkəzinin, Quba Uşaq İncəsənət Məktəbinin və Quba Uşaq Musiqi Məktəbi kollektivlərinin ifasında konsert proqramı ilə davam etdi. Tədbirdə “Oxu bayramı” nda fəal iştirak edən oxucular və kollektivlər, iş fəaliyyətləri ilə fərqlənən kitabxana əməkdaşları Fəxri Fərmanlarla təltif olundular.