12.10.2022
11 oktyabr 2022-ci il tarixində Siyəzən rayon Mədəniyyət Mərkəzində Siyəzən rayonu mədəniyyət müəssisələrində çalışan klub və kitabxana əməkdaşlarının iştirakı ilə seminar keçirildi. İclası giriş sözü ilə açan Xaçmaz Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi – Siyəzən rayonu üzrə nümayəndə Zəminə Qədirli cari ilin 9 ayı ərzində mədəniyyət müəssisələrində görülmüş işlər barədə məlumat verdi, tövsiyə və tapşırıqlar seminar iştirakçılarının diqqətinə çatdırıldı. Siyəzən Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor vəzifəsini müvəqqəti icra edən Gülnar Muradova hesabat məruzəsi ilə çıxış etdi. İclasın digər mövzusu Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Kommunikasiya meneceri” layihəsi barədə olub. Çıxış edən Xaçmaz Regional Mədəniyyət İdarəsinin kommunikasiya meneceri Fərid Musayev layihə barədə geniş məlumat verərək bildirdi ki, Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahatların tərkib hissəsi kimi strateji kommunikasiya siyasətinin nazirliyin struktur qurumları, tabe müəssisə və təşkilatlarında effektiv şəkildə həyata keçirilməsi və sosial media fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə “Kommunikasiya meneceri” layihəsi təqdim olunub. Layihə mədəniyyətimizin, mədəniyyət sahəsində nazirliyin, aidiyyəti müəssisə və təşkilatların fəaliyyəti, aparılan islahatlar, əlamətdar hadisə, yenilik və uğurlar barədə ölkə ictimaiyyətinin, ənənəvi mətbu imkanlarla yanaşı, müasir üsul və vasitələri operativ formada məlumatlandırılması,media subyektləri ilə,ictimaiyyətlə əlaqələrin səmərəli şəkildə qurulması və nəticə etibarilə dövlət-cəmiyyət münasibətlərinin, dövlət qurumlarına vətəndaş etimadının yüksəldilməsinə xidmət edir.
Həmçinin əmək intizamına ciddi riayət edilməsi, sosial şəbəkələrdə aktivlik, keçirilən tədbirlərin keyfiyyətinin yüksəldilməsi, sənədləşmə işlərinə ciddi nəzarət seminarın əsas müzakirə mövzularından olub.
Sonda iştirakçıların təklifləri dinlənildi və sualları cavablandırıldı.