26.10.2022
25 oktyabr 2022-ci il tarixində Siyəzən rayonunda yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə məqsədilə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Gəncliyimizi qoruyaq, narkomaniyaya yox deyək!” adlı seminar, keçirilib.
Seminarda gənclərin sağlam həyat tərzinə narkotiklərin mənfi təsiri və mənəvi zərbələr mövzusu ətrafında çıxış edən Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli, Siyəzən rayon İcra Hakimiyyətinin nümayəndəsi Aqil Abdulov, Siyəzən Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Xəqani Məmmədov, Siyəzən rayon xəstəxanasının nevropatoloqu Günel Əliyeva, Siyəzən rayon Gənclər və İdman İdarəsinin rəis müavini Vüsal Alışov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Siyəzən nümayəndəliyinin direktoru Rəqsanə İbrahimli ictimaiyyəti narkomaniya ilə birgə mübarizə aparmağa çağırmışlar. Tədbirdə Siyəzən rayon Polis idarəsinin, Yaradıcılıq Mərkəzinin əməkdaşları, Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində çalışan gənclər, Siyəzən rayonunun tam orta təhsil müəssisələrinin yuxarı sinif şagirdləri iştirak etmiş, mövzu ətrafında müzakirələr və geniş fikir mübadiləsi aparılıb.
Mütəxəssislərin çıxışlarında qeyd olunmuşdu ki, son vaxtlar gənclərin zərərli vərdişlərə qarşı meylinin azaldılması istiqamətində çıxış yolu ancaq gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, problemə müasir formada yanaşma tərzi, onların asudə vaxtlarının faydalı keçirilməsi, kütləvi mədəniyyət, təhsil və idman tədbirlərinə cəlb edilməsidir.
Tədbir çərçivəsində Mərkəzin sifarişi ilə hazırlanan və narkomaniya ilə mübarizəyə həsr olunmuş “Dünya sənin varlığınla gözəldir” və davranış mədəniyyətinə dair hazırlanmış “Hər şey səndən başlayır” adlı videoçarxlar nümayiş etdirilib. Eyni zamanda, bədii döymə üzrə sənətkar Zeydulla Ağayevin əl işlərindən, Ayşən Novruzova və İlahə Adıgözəlovanın rəsm əsərlrindən ibarət sərgiyə baxış keçirilib.
Tədbirdər sonra “Su ovdanı” tarixi abidəsi ətrafında könüllülərin iştirakı ilə iməcilik işləri aparılıb. Məqsəd insanlar arasında ekoloji mədəniyyəti, təbiətə diqqət və qayğı hissini, habelə mədəni irsimizi təbliğ etməkdir. Ölkə ərazisində çoxəsrlik tarixə malik abidələrimizin mühafizəsi, araşdırılması və gələcək nəsillərə ötürülməsi işinin olduqca vacib olduğunu nəzərə alaraq, sözügedən iməcilik, eyni zamanda, vətəndaş məsuliyyətinin daha da inkişaf etdirilməsinə xidmət edir. Qeyd edək ki, iməcilikdə Siyəzən rayon sakinləri də fəallıqla iştirak edib.