29.10.2022
Xalqımızın zəngin mədəniyyət tarixini özündə təcəssüm etdirən muzey eksponatlarına yeni hayat bəxş edərək mədəni irsimizin nəsillərdən-nəsillərə ötürülməsində müstəsna xidmət göstərən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin bu il fəaliyyətinin 65 illik yubileyidir. Mərkəz əlamətdar tarix ilə bağlı silsilə tədbirlər keçirməkdədir. Növbəti yubiley tədbiri kimi cari ilin 29 oktyabr tarixində Xaçmaz Tarix-Diyarşünaslıq muzeyində Xaçmaz Regional Mədəniyyət İdarəsi ilə birgə "Mədəni irsi qorumaq naminə - 65" adlı regional sərgi-seminar keçirildi. Sərgi-seminarda MSX EBM-nin əməkdaşları, Xaçmaz Regional Mədəniyyət İdarəsinin və idarənin tabeçiliyində olan muzey müəssisələrinin nümayəndələri iştirak etdilər.
İlk öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru, əməkdar mədəniyyət işçisi Zərifə Məlikova seminar iştirakçılarını salamlayaraq Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin yarandığı tarixdən günümüzədək gördüyü işlərdən bəhs etdi. Daha sonra Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirildi.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin kommunikasiya meneceri Fərid Musayev çıxışında bildirdi ki, nəinki ölkəmizdə, Cənubi Qafqazda yeganə olan Elmi-Bərpa Mərkəzi artıq beynəlxalq bərpaçılıq məkanında yüksək professional vərdişlərin nümayişi ilə layiqli mövqe qazana bilib. F.Musayev qeyd etdi ki, Mərkəzlə Xaçmaz Regional Mədəniyyət İdarəsi arasında sıx əlaqələr mövcuddur və bugünədək idarənin şəbəkəsinə daxil olan muzeylərin 1000-ə yaxın eksponatı Elmi-Bərpa Mərkəzi tərəfindən bərpa və konservasiya edilmişdir.
Tədbirin gedişatında, Elmi-Bərpa Mərkəzinin elmi işlər üzrə direktor müavini İranə İbrahimova, baş mühafizi Pakizə Almazova, Quba Tarix-Diyarşünaslıq muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Məryəm Hacıyeva, Qusar Tarix-Diyarşünaslıq muzeyinin direktoru Xatirə Nağıbəyova, Xaçmaz Tarix-Diyarşünaslıq muzeyinin direktoru Pakiza Mehdiyeva və Şabran Tarix-Diyarşünaslıq muzeyinin direktoru Bəsti Məmmədova çıxış etdilər.
Sərgi-seminarda Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi tərəfindən dövlətimizin tarixinin əbədi yaşadılması naminə bərpa ve konservasiya etməklə mədəni, tarixi irsimizə yeni nəfəs verilmiş muzey eksponatlarının virtual təqdimatı izlənildi. Daha sonra uzun illər muzey sahəsində göstərdiyi xidmətlərinə görə Quba və Xaçmaz Tarix-Diyarşünaslıq muzeylərinin direktorları fəxri fərmanlarla, Qusar Tarix-Diyarşünaslıq muzeyi isə 40 illik yubileyi münasibətilə təbrik fərmanı ilə təltif olundular.
Sonda Xaçmaz Tarix-Diyarşünaslıq muzeyinin ekspozisiyasına va bərpa, konservasiya olunmuş eksponatların sərgisinə baxış oldu.