Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon Heydər Əliyev Mərkəzində “Zəfər fatehləri” mövzusunda tədbir keçirilib

06.11.2022

2 noyabr  2022-ci il tarixində Quba rayon Heydər Əliyev Mərkəzində  Quba Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba nümayəndəliyinin birgə əməkdaşlığı ilə “8 Noyabr – Zəfər Günü” ilə əlaqədar “Zəfər fatehləri” mövzusunda tədbir keçirilmişdir. Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Vətən müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi. 

Tədbirdə Vətənin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Şəhid Miqdad Abduləlimovun anası, Vətən Naminə İB sədri Tünzalə Abdulləlimova çıxış edərək qeyd etdi ki, Müzəffər Ordumuz 44 gün ərzində döyüş meydanında gücünü göstərdi və qəhrəmanlıqla Ali baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti , şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və Azərbaycan xalqı Zəfər qazandı. Tünzalə xanım Şəhid olmuş qəhrəman övladı ilə fəxr etdiyini bildirdi,  Vətənin qorunmasında hər bir vətəndaşın müqəddəs vəzifəsi olduğunu vurğuladı. 

Daha sonra Quba Heydər Əliyev Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Sevinc Səlimova çıxış edərək qeyd etdi ki, bu gün Zəfər Bayramını qeyd etməyimizin səbəbkarı olan bütün şəhidlərimizin ruhu qarşısında,onları vətənpərvər ruhda dünyaya gətirib yetişdirən şəhid anaları qarşısında baş əyirəm. Başda Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirərək öz dəsti-xətti ilə istər 44 günlük Böyük Vətən müharibəsində, istərsə ondan sonrakı müddət ərzində önəmli uğurlara imza atan Azərbaycan Respublikasının Prezidenti Ali Baş komandan cənab İlham Əliyevə və onun əmrləri əsasında böyük şücaət göstərən, qalib ölkənin qalib vətəndaşları kimi qürur duymağımıza səbəb olan bütün hərbçilərimizə, qazilərimizə, müharibə iştirakçılarımıza minnətdarıq. Bu gün Azərbaycan torpaqlarında aldığımız hər nəfəs vətəndaşlarımızın, övladlarımızın sərbəst, asudə sürdüyü həyat tərzi onların canı, qanı bahasına, qəhrəmanlığı, igidliyi sayəsində qazandığı qələbənin, uğurun nəticəsidir. 

Daha sonra çıxış edənlər qeyd etdilər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının  və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. 

Tədbirin sonunda Quba şəhər 4 saylı orta məktəbin şagirdləri Özgür Rzazadə, Şəlalə Qubatova, Səmirə İskəndərova, 5 saylı orta məktəbin şagirdi Zəhra Sadıqova, 6 saylı məktəbin şagirdi Əli Paşayev, 7 saylı orta məktəbin şagirdləri Səidə İsayeva, Əziz Süleymanov, I Nügədi məktəbinin şagirdləri Ayan Fleydanova, Aylin Şükurova və Zəhra Mehdiyeva Zəfər gününə həsr edilmiş şeirlər səsləndirmiş, Quba Heydər Əliyev Mərkəzinin rəqs dərnəyinin üzvü Arzu Bədəlova  rəqs nömrəsi ilə çıxış etmişdir.

Daha sonra Vətən Müharibəsinin qaziləri tamaşaçılardan gələn sualları cavablandırmış, İkinci Qarabağ müharibəsində keçdikləri döyüş yolundan, müharibə xatirələrindən  söz açdılar. 

Tədbirin sonunda Vətən Müharibəsinin iştirakçılarına və qazilərə, orta məktəb şagirdlərinə müxtəlif hədiyyə və təşəkkürnamələr təqdim olunmuşdur.