17.12.2022
16 dekabr 2022-ci il tarixində Qusar rayon Heydər Əliyev Mərkəzində Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə mədəniyyət işçiləri arasında “Şuşa İli”nə həsr olunmuş regional “Breyn-Rinq” intellektual yarışı təşkil edilib. Yarışdan əvvəl tədbir iştirakçıları Qusar rayon Heydər Əliyev Mərkəzinin foyesində Qusar şəhər Uşaq İncəsənət məktəbinin və Qusar Dövlət Rəsm Qalereyasının rəsm əsərlərindən, Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Qusar rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının əl işlərindən, Qusar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitablarından ibarət sərgi ilə tanış olublar.
Yarışa başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra torpqalarımızın azadlığı uğrunda canından keçən qəhrəman vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışı giriş sözü ilə açan Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamına əsasən 2022-ci il ölkəmizdə “Şuşa İli” elan edilib. 2022-ci ilin ”Şuşa ili” elan olunması ilə əlaqədar Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən cari il ərzində müxtəlif silsilə tədbirlər həyata keçirilmişdir. Belə tədbirlərdən biri də bu gün sizlərin iştirakı ilə keçirilən mədəniyyət işçilərindən ibarət Breyn-rinq komandalarının yarışmasıdır. Yarışmanın əsas məqsədi mədəniyyət fəaliyyətinin təbliği,mədəni resurslarımızın inkişafı,mədəniyyət siyasəti haqqında fərdi biliklərin artırılması, mədəni xidmətlərin şəbəkəsinin gücləndirilməsindən və mədəni-kütləvi tədbirlərin genişləndirilməsindən ibarətdir.
YAP Qusar rayon təşkilatının Neva Abdurrəhmanova çıxışnda bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdı, iştirakçılara uğurlar arzuladı.
Daha sonra Xaçmaz Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarını təmsil edən mədəniyyət işçlərindən ibarət komandalar arasında intellektual yarışa start verildi. 3 mərhələdən ibarət yarışın sonunda Quba rayonunu təmsil edən komanda ən yüksək bal toplayaraq birinci yerə layiq görüldü və Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən fəxri fərman, kubok və müxtəlif hədiyyələrlə, komanda üzvləri təşəkkürnamələrlə mükafatlandırıldı.
Həmçinin yarışda ikinci yeri tutan Qusar komandası Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəkkürnamə və hədiyyələri, digər komandaların bütün üzvləri isə fəal iştiraka görə təşəkkürnamələrlə tətlif edildi.
Yarışdan sonra təşkil edilən konsert proqramında regionun incəsənət ustaları, rəqs kollektivlərinin çıxışları maraqla qarşılandı.