30.12.2022
23.12.2022-ci il tarixdə Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasının uşaq şöbəsinin təşkilatçılığı ilə şəhər 6 saylı tam orta məktəbdə narkomaniya ilə bağlı “Gələcəyə sağlam addımlarla” adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə kitabxana əməkdaşları, məktəbin müəllim, şagird kollektivi və Quba Psixoloji Reabilitasiya Mərkəzinin baş həkimi Nəriman Qurbanov iştirak edirdi. Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Saməddin Nəsirov açaraq iştirakçıları salamladı və bildirdi ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. O bildirdi ki, cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya günümüzün sərhəd tanımayan, qlobal xarakter daşıyan, dünyada qorxulu xəstəlik kimi hər bir insanı düşündürür. Bu gün biz hamılıqla dünyanı ağuşuna alan narkomaniyaya yox deyib, bu “ağ ölüm” kabusuna qarşı birgə mübarizə aparmalıyıq. Tədbir çərçivəsində Psixoloji Reabilitasiya Mərkəzinin baş həkimi Nəriman Qurbanov çıxış edərək bildirdi ki, narkotik maddələr ilk növbədə orqanizmin immunitet səviyyəsini aşağı salaraq ürək-damar sisteminə, qara ciyər və böyrək kimi daxili orqanların ciddi zədələnməsinə yol açır. Nəticədə orqanizm zəifləyir, insanın fiziki gücü tükənir və sonda ölüm halı baş verir. Araşdırmalar göstərir ki, erkən yaşdan narkotik qəbul edən şəxslərin ömrü 35-40 il arası təşkil edir. Tədbirdə 6 saylı tam orta məktəbinin direktoru Üzeyir Muradlı öz çıxışında bildirdi ki, sağlam həyat tərzinin cəmiyyətdə, xüsusilə gənclər arasında bəşəriyyəti dərindən düşündürən və onu narahat edən ən ciddi problemlərdən biri kimi narkomaniya və onun törətdiyi ağır fəsadlar haqqında düzgün maarifləndirici tədbirlərin intensiv hal olması olduqca zəruridir. Yeniyetmə və gənclərə sağlam həyat tərzinin yeganə yolunun mənəvi sağlıq və fiziki sağlamlıq olduğunu aşılamalıyıq. Sonra uşaq şöbəsinin müdiri Rübabə Hacıbəyova öz çıxışında qeyd etdi ki, narkotik maddələrin gənc nəsil arasında yayılmasının qarşısını almaq məqsədilə dünyanın bir çox ölkələrinin qəbul etdiyi milli proqramlara əsasən, təhsil ocaqlarının, ictimai təşkilatların əsas vəzifələrindən biri narkomaniyaya qarşı maarifləndirmə və təbliğat işinin aparılmasıdır. Tədbirin sonunda kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Narkomaniya - əsrin bəlası” adlı kitab sərgisinə, narkomaniya ilə bağlı videoçarxa baxış keçirildi.