21.01.2023
19 yanvar 2023- cü il tarixdə Xaçmaz Regional Mədəniyyət İdarəsi və Xaçmaz rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Xaçmaz rayon Heydər Əliyev Mərkəzində, 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “20 Yanvar - qan yaddaşımızdır” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqədə Xaçmaz şəhər Uşaq İncəsənət məktəbinin rəssamlıq şöbəsinin şagirdlərinin rəsm əsərləri nümayiş olunub.
Müsabiqənin keçirilməsində məqsəd 20 Yanvar Şəhidlərinin xatirəsinin yad edilməsi, gənc nəslin nümayəndələrinə, uşaq və yeniyetmələrə doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun yüksəldilməsi, Azərbaycan tarixinin təbliğ edilməsi, istedadlı və yaradıcı gənclərin üzə çıxarılmasıdır.
Tədbir iştirakçıları öncə 20 Yanvar faciəsi qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin kommunikasiya meneceri Fərid Musayev çıxışında bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.
Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.
Digər çıxış edənlər qeyd etdi ki, 20 Yanvar hadisələri zamanı vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciənin yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən bir cinayət olduğunu bildirib.
Tədbirdə Xaçmaz Uşaq İncəsənət məktəbinin şagirdlərinin 20 Yanvar faciəsinə həsr edilmiş bədii kompozisiyası da təqdim edildi.
Sonda münsiflər heyətinin nəticələrinə görə müsabiqədə qalib və fərqlənmiş iştirakçılar diplomlarla təltif olunublar.