16.06.2023
16 iyun 2023-cü il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, Xaçmaz rayon İcra Hakimiyyətinin dəstəyi, Xaçmaz Tarix-Diyarşünaslıq muzeyinin təşkilatçılığı ilə tanınmış şairə, tərcüməçi, filologiya elmləri üzrə fəlsəfə doktoru Firuzə Məmmədli ilə görüş keçirilib .
"Poeziyaya həsr olunmuş ömür" adlı tədbirdə şairənin sənət dostları, "Firuzə" ədəbiyyat ocağının təsisçiləri, rayon ictimaiyyətinin nümayəndələri, "Ulduzlar" ədəbi birliyinin üzvləri iştirak ediblər.
Tədbirdə Firuzə Məmmədlinin həyat və yaradıcılığına, elmi, pedaqoji, publisistik fəaliyyətinə həsr olunmuş çıxışlar və əsərlərindən nümunələr səslənib. Qeyd edilib ki, Firuzə Məmmədli 1940-cı il yanvarın 10-da Xaçmaz rayonunun Canaxır kəndində anadan olub. Tanınmış şairə, alim Firuzə Məmmədli 1980-ci ildə "Y.V. Çəmənzəminlinin tarixi romanlarının dil və üslub xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək "Filologiya elmləri üzrə fəlsəfə doktoru" elmi dərəcəsi alıb.
Firuzə Məmmədli dilçi alim, ədəbiyyatşünas kimi respublikamızın elm ictimaiyyətinə yaxşı tanışdır. Onun "Seçilmiş əsərləri" daxil edilmiş "Y.V.Çəmənzəminlinin tarixi romanlarının dil və üslub xüsusiyyətləri", "Bədii dilin estetik mənbələri", "Azərbaycanın şimal-şərq bölgəsinin etnolinvistik vahidləri " monoqrafiyaları, eləcə də bir çox elmi və publisistik məqalələri tələbə və maqistrantların ən çox müraciət etdiyi mənbələrdən biri olub.
Firuzə Məmmədli bir sıra dərs vəsaiti, metodik tövsiyələr müəllifidir. O, onlarla magistrantın elmi rəhbəri olmuşdur. "Gümüşü damla", "Yoluma bahar düşüb", "Sənin ömrün Yetkinlik ", "Bir qarış ucalıq", "Məni mənlə bölən dünya", " Dilək yaxasına dönnəm yenidən", "Aşacağam zaman adlı sədləri" və sair poetik topluları oxucu kütləsi tərəfindən çox sevilib.
2002-2019-cu illər aralığında şairənin on cildlik "Seçilmiş əsərləri" çapdan çıxıb. Firuzə Məmmədli eyni zamanda, ədəbi tərcümə sahəsində də fəaliyyət göstərib, rus, özbək, tacik, türk və fars dillərindən bədii tərcümələr edib.
Tədbirdə alimin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirin sonunda "Firuzə" ədəbiyyat ocağının Xaçmaz rayonu üzrə bölməsinin təşkili ilə bağlı təşkilati məsələlər müzakirə olunub.