13.11.2017
13.11.2017 – ci il tarixdə Quba şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci ilin ikinci yarısı üçün İş planına əsasən uşaqlar arasında mütaliəni gücləndirmək məqsədi ilə “Sehrli dünya” uşaq jurnalının baş redaktoru Gülzar xanım İbrahimova ilə oxucuların görüşü keçirildi. Tədbirdə təhsil, mədəniyyət işçiləri, rayon ziyalıları, şəhər 2 saylı körpələr evi-uşaq bağçasının körpə fidanları, şəhər 4,5,6 saylı tam orta məktəblərin şagirdləri, KİV nümayəndələri və başqaları iştirak edirdilər. Tədbiri giriş sözü iə açan MKS – nin direktoru Saməddin Nəsirov qeyd etdi ki, erkən yaşlarından mütaliənin uşaqların gələcək inkişafına təsiri əvəzsizdir. Heç bir müasir texnologiya mütaliə qədər zehni inkişaf etdirə bilmir. Sonra çıxış edən Quba rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Rəxşəndə Bayramova çıxış edərək bildirdi ki, mütaliə etmək insanın biliyini artırmaqdan əlavə qavrama, fantaziya və yaradıcılıq qabiliyyətini, həyat təcrübəsini də artırır. Daha sonra Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kitab Dövriyyəsi Sektorunun müdiri Lətifə Məmmədova öz çıxışında vurğuladı ki, mütaliənin təbliğinin ən gözəl formalarından biri də kitab müəllifləri ilə keçirilən görüşlərdir. Bu cür görüşlər zamanı oxucu ilə yaradıcı-müəllif arasında canlı ünsiyyət yaranır və bu canlı ünsiyyət zamanı kitab haqqında maraqlı fikirlər üzə çıxır. Oxucular tədbirə daxil olan, çoxdan bəri həsrətlə yolunu gözlədikləri Gülzar İbrahimovanı alqışlarla, məhəbbətlə, gözəl ürək sözləri ilə qarşıladılar. Şəhər 4 saylı humanitar fənnlər üzrə təmayüllü məktəb – liseyin və Tələt Mikayılov adına 5 saylı orta məktəbin şagirdləri Gülzar nənənin şeirlərindən parçalar söylədilər, körpələr evi-uşaq bağçasının məktəbə hazırlıq qrupunun uşaqları nağıllardan səhnəciklər göstərib maraqlı şəkildə iştirakçılara təqdim etdilər. Tədbir Uşaq musiqi məktəbinin şagirdlərinin ifasında rəngarəng çıxışlarla davam etdi. Tədbirdə Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Söhrab Əmrahov, Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova, şəhər 4 saylı humanitar fənnlər üzrə təmayüllü məktəb-liseyin direktoru Xanımsona Əkbərova və başqaları çıxışlarında qeyd etdilər ki, uşaqlara kitabları sevdirmək üçün belə tədbirlərin keçirilməsi çox önəmlidir. Bununla yanaşı uşaqları müntəzəm kitabxanalara aparmaq, orada müəyyən vaxt keçirərək uşağın da marağını nəzərə almaqla onun üçün ədəbiyyat seçmək lazımdır. Sonda uşaqlara Gülzar İbrahimovanın nağıllarında ibarət kitablar hədiyyə edildi.