18.03.2024
Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin Xalça muzeyi filialında qədim adət ənənələrimizi əks etdirən, baharın gəlişi ilə əlamətdar olan Novruz bayramına həsr olunmuş "Bahar sevincləri" adlı tədbir keçirilib.
Tədbirdə xalqımızın milli və çox sevilən bayramı olan Novruzla bağlı çıxışlar səslənib. Qeyd olunub ki, tarixi, çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Bu bayram insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Elə bu məhəbbətlə bağlı yaranmış Novruz tapmaca, atalar sözü və adətlərində ulu babalarımızın müdrik dünya görüşü, humanist baxışları, həlim qayğıkeş təbiəti özünü göstərir.
Çıxışlarda qeyd olunub ki, uzun illər sonra Novruz tonqalları Azərbaycanın hər bir bölgəsində alovlanır. İşğaldan azad olunmuş torpaqlara qayıdan xalqımız artıq bayramı öz doğma rayonlarında qeyd edir.
Tədbir bayram konserti ilə davam edib.
Xaçmaz rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin Xudat bölməsinin, Xaçmaz rayon Ə. Tahirov adına Köhnə Xaçmaz kənd tam orta məktəbinin, Xaçmaz rayon Uşaq İncəsənət məktəbinin şagirdlərinin ifasında rəngarəng mahnı və rəqslər ifa edilib, şerlər səslənib. Azərbaycan kələğayısı ilə bağlı səhnəcik böyük maraqla izlənib.