Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid Ağakişiyev Məmmədrəfil Mizafəddin oğlunun şəhadətə ucalmasının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

19.04.2024

 

19.04.2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Quba rayonunun Növdün kəndində Növdün kənd kitabxana filialının adını daşıyan Birinci Qarabağ müharibəsinin şəhidi Ağakişiyev Məmmədrəfil Mizafəddin oğlunun şəhadətə ucalmasının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Quba rayon İcra Hakimiyyəti başçısının birinci müavini, İcra Hakimiyyəti Aparatının şöbə müdiri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisi, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Quba rayonu üzrə nümayəndəsi, B.Səfəroğlu adına rayon Mədəniyyət Mərkəzinin direktoru, Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, şəhidin ailə üzvləri, kənd klub və kitabxana işçiləri, məktəblilər və başqaları iştirak edib. Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Quba rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisi , B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin direktoru, Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, şəhidin ailə üzvləri və başqaları çıxış edərək, şəhidin keçdiyi şərəfli ömür və döyüş yolu haqqında ətraflı məlumat veriblər.

Tədbir çərçivəsində Növdün kənd tam orta məktəbinin şagirdləri vətənə, şəhidlərə həsr olunmuş ədəbi- bədii kompozisiya ilə çıxış ediblər. Daha sonra şəhid Məmmədrəfil Ağakişiyevin və digər şəhidlərin Növdün kənd qəbirstanlığında olan məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, məzarları üzərinə tər qərənfillər düzülüb.

Tədbirin sonunda şəhidin evində çay süfrəsi təşkil olunub.