Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və memarıdır” adlı dəyirmi masa keçirdi

12.12.2017

     12.12.2017-ci il tarixdə rayon MKS-nin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə Bəşir Səfəroğlu adına rayon Mədəniyyət Mərkəzinin akt zalında Ulu Öndər Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar olaraq “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu  və memarıdır” adlı dəyirmi masa keçirildi.  Tədbirdə Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətləri olan Ümummilli Liderimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükütla yad edildi. MKS-nin direktoru Saməddin Nəsirov  Azərbaycan xalqının Ümummulli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məlumat verdi. Sonra Quba şəhər Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza  Əliyeva  çıxış edərək Ulu Öndər Heydər Əliyevin əsəri kimi dəyərləndirilən Azərbaycanın uğurlarından bəhs edərkən, dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövrdə gördüyü işlərdən söhbət açdı. Daha sonra MKS-nin direktor müavini Hüriyyə Sultanova Heydər Əliyev irsinin mədəniyyət müəssisələrində təbliğindən söhbət açaraq bildirdi ki, ümummulli lideri böyük tarixi şəxsiyyət kimi fərqləndirən ən böyük amillərdən biri odur ki,Ulu Öndər mədəniyyət quruculuğu ilə iki müxtəlif və son dərəcə fərqli ictimai-siyasi formasiyada məşğul olub. İkisində də ən böyük amalının milli mədəniyyətin təəssübkeşi olduğunu, gördüyü işlərin əzəmətilə dönə-dönə təsdiqləyib. Kitabxananın əməkdaşı Zəmirə İskəndərova “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı məruzə ilə çıxış edərək Heydər Əliyevin mədəniyyət sahəsində gördüyü işlərdən, verdiyi fərman və sərəncamlardan danışdı. Tədbirdə iştirak edən Tələt Mikayılov adına şəhər 5 saylı tam orta məktəbin şagirdi Rasim Paşayev Zalimxan Yaqubun “Qara xəbərin acısı” adlı şeirini söylədi. Tədbirdə həmçinin Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video çarx nümayiş olundu. Sonda  “Tarix yaradan şəxsiyyət” adlı sərgiyə baxış keçirildi.