03.05.2024
03 may 2024 cü il tarixində Şabran rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Şabran rayonunda mədəniyyət müəsissələri "Yaşıl Dünya Naminə Həmrəylik ili" çərçivəsində maddi mədəni irsimizin qorunması və təbliği ilə əlaqədar "Sirli abidələr" adlı layihəyə start verilib.
Layihə "Çıraqqala Şabran" Dövlət Tarix Mədəniyyət Qoruğunun "Qədim Şabran" abidəsi ilə tanışlıqdan başlayıb. "Qədim Şabran"nın tarixinə aid intellektual bilik yarışması keçirilib, qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılıb. Kilvar kəndinin ərazisində yerləşən qədim "Alban" kilsəsi ziyarət edilib. Abidənin ətrafında iməclik keçirilib.
Sonra tədbir iştirakçıları Pirəbədil kəndində təşkil edilmiş 5 may "Xalçaçı günü"nə həsr olunmuş "Xalça sənəti Azərbaycanın milli sərvətidir" adlı tədbirdə iştirak ediblər.
Pirəbədil kənd sənətkarlıq klubunun həyəti müxtəlif çeşnili əl xalçaları ilə bəzədilib, xalçanın toxunması, toxunana qədər ilkin mərhələ canlı izlənilib.
Tədbir Dövlət Himni ilə başlayıb, Ulu öndər Ümummilli lider H.Əliyevin və torpaqlarımızın azadlıqları uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycan xalçaları qədim dekorativ sənət əsərləri kimi hələ qədim zamanlardan yüksək keyfiyyəti ilə dünya şöhrəti qazanıb. Gözəl sənət əsərləri kimi yüksək qiymətləndirilən Azərbaycan xalçaları görkəmli avropa rəssamlarının bir sıra məhşur tablolarında zinət vasitəsi kimi geniş istifadə edilib. Bu gün dünyada elə bil incəsənət ensklopediyası yoxdur ki, onun səhifələrində "Pirəbədil xalçası" haqqında məlumat olmasın. Dünyanın ən zəngin xalçaçılıq muzeylərində Pirəbədil çeşnili xalçalar nümayiş olunur.
Bu gün xalçaçılığa həsr olunmuş bu tədbirin Pirəbədil xalçasının vətəni olan qədim Pirəbədil kəndində keçirilməsi heç də təsadüfü deyil. Bu tədbirin keçirilməsi Pirəbədil kəndində xalçaçılıq ənənələrinin hələ də yaşadığını göstərir. Əsirlərdən əsirlərə, nəsillərdən nəsillərə qorunub saxlanılmış müqəddəs bir el sənətini qoruyub, layiqincə gələcək nəsillərə çatdırmaq hər birimizin ümdə vəzifəsidir.
Tədbir maraqlı konsert proqramı ilə başa çatıb