11.06.2024
11 iyun 2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Heydər Əliyev Mərkəzində 15 iyun Milli Qurtuluş günü ilə əlaqədar “Xalqın xilaskarı” adlı dəyirmi masa keçirilib.
Tədbirdə Siyəzən rayon İcra Hakimiyyətinin məsul işçisi, YAP Siyəzən rayon təşkilatının əməkdaşı, Siyəzən rayon ümumtəhsil məktəblərindən nümayəndələr, idarə və müəssisələrdən, mədəniyyət işçiləri, gənclər iştirak ediblər.
İlk olaraq qonaqlar Ulu Öndər Heydər Əliyevin keçdiyi zəngin həyat yolundan bəhs edən eksponatlarla tanış olublar. Daha sonra tədbir dəyirmi masa ətrafında davam edib.
Çıxış edənlər bildiriblər ki, Azərbaycan xalqı bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bundan 70 il sonra yarandı. Belə ki, XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan əlverişli tarixi şərait nəticəsində Azərbaycan xalqı yenidən müstəqilliyinə qovuşdu. Lakin XX əsrin 90-cı illərinin əvvəllərində respublikamızda baş verən hadisələr, böhranlı vəziyyət, xaos, siyasi hərc-mərclik və s. ölkəmizi məhv olmaq təhlükəsi qarşısında qoymuşdu. 1993-cü ilin iyununda xalqın tələbi ilə Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə azadlıq mübarizəsi özünün yeni, həlledici mərhələsinə daxil oldu. Bu hadisədən sonra ölkədə qısa müddət ərzində vətəndaş müharibəsi təhlükəsi aradan qalxdı, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu proseslərinə start verildi, ictimai-siyasi sabitlik təmin olundu, sosial-iqtisadi inkişafa şərait yarandı, ölkəyə xarici sərmayələr cəlb edildi, dövlət idarəçiliyi mexanizmi yenidən formalaşdırıldı və beləliklə də respublika iqtisadiyyatının dinamik inkişafı təmin edildi. Çıxışlarda, həmçinin, prezident İlham Əliyevin Ümummilli liderin siyasi xəttini layiqincə davam etdirdiyi xüsusi diqqətə çatdırılıb. Sonda 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş video çarx nümayiş olunub.