10.12.2024
10.12.2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Xaçmaz Tarix Diyarşünaslıq muzeyi, filialları Xalça muzeyi və Döyüş Şöhrəti muzeyinin birgə iştirakı ilə Ulu Öndər Heydər Əliyevin Anım gününə həsr olunmuş "Vida" adlı tədbir keçirilib.
Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri və müharibə veteranları, məktəblilər iştirak edib
Tədbir Azərbaycan Dövlət himninin səsləndirilməsi və vətən uğrunda canlarından keçmiş bütün Şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Daha sonra dahi rəhbərlə həyatda görüşmüş, Xaçmaz rayon İcra Hakimiyyətinin əməkdaşları Yaqut Məsimova, Tariyel Didarov, uzun illər məsul vəzifələrdə çalışmış Sürəyya Əmirova və başqaları onun haqqında unudulmaz xatirələrini danışıb. Səslənən çıxışlarda qeyd olunub ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar.
Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.
Tədbirdə Ulu öndərin həyat və fəaliyyətini əks etdirən videoçarxlar, kitab sərgisi nümayiş olunub, məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.