17.01.2025
17 yanvar 2025-ci il tarixində Şabran rayon Heydər Əliyev Mərkəzində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektoru, Şabran rayon Heydər Əliyev Mərkəzi və Şabran rayon Statistika İdarəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş “20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda tədbir keçirilib.
20 Yanvar faciəsinin 35-ci ildönümünün qeyd olunması, gənclərin vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyə olunması sahəsində maarifləndirmə işinin təşkili məqsədilə keçirilən tədbirdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun müdiri, Şabran rayon Statistika İdarəsinin rəisi , mədəniyyət işçiləri, YAP Şabran rayon Təşkilatının nümayəndəsi, rayonun idarə müəssisə və təşkilat işçiləri, və gənclər iştirak ediblər.
Tədbirdə əvvəlcə 20 Yanvar şəhidlərinin, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər 1990-cı ilin 20 yanvar tarixində keçmiş Sovet imperiyası tərəfindən xalqımıza qarşı törədilmiş misli görünməyən cinayət haqqında tədbir iştirakçılarına məlumat vermişlər.
Daha sonra 20 Yanvar faciəsi zamanı çəkilmiş kadrların və faciə şahidlərinin əks olunduğu “1990-cı il Qanlı Yanvar hadisələri necə baş verdi” adlı qısametrajlı film nümayış olunub.