19.02.2025
19 fevral 2025-ci il tarixində Quba Heydər Əliyev Mərkəzində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi, Quba-Xaçmaz Regional Təhsil İdarəsi, Quba Dövlət Sosial İqtisadi Kollecinin təşkilatçılığı və Quba Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə 21 Fevral-Beynəlxalq Ana Dili Günü ilə əlaqədar “Dilimiz milli varlığımızdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, mədəniyyət müəsisisələrinin rəhbər və əməkdaşları, Quba Dövlət Sosial İqtisadi Kollecinin müəllim və tələbələri, Quba rayonu Birinci Nügədi kənd Zəki Kərimov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllim və şagirdləri iştirak edib.
Əvvəlcə qonaqlar 21 Fevral - Beynəlxalq Ana Dili Günü ilə əlaqədar təşkil edilmiş sərgiyə baxış keçiriblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
21 Fevral-Beynəlxalq Ana Dili Gününə həsr edilmiş filmə tamaşa olunub. Tədbirdə çıxış edənlər qeyd ediblər ki, dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü doğma dilin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququnun olduğunu bir daha xatırladır. Xalqımıza ulu babalardan miras qalan ən qiymətli milli sərvət olan ana dilimizin tarixi barədə məktəblilərin məlumatlılıq səviyyəsinin artırılması baxımından bu cür tədbirlərin keçirilməsi əhəmiyyətlidir.
Tədbirin bədii hissəsində şagirdlər Beynəlxalq Ana Dili gününə həsr olunmuş ədəbi–bədii kompozisiyalar nümayiş etdirib, şeirlər, mahnılar səsləndiriblər.
Sonda Quba Heydər Əliyev Mərkəzinin rəhbərliyi tərəfindən Quba Dövlət Sosial İqtisadi Kolleci və Quba rayonu Birinci Nügədi kənd Zəki Kərimov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinə təşkilatı dəstəyə və səmərəli əməkdaşlığa görə təşəkkürnamə və hədiyyələr təqdim edilib.
Sonda xatirə şəkli çəkilib.