18.02.2025
18 fevral 2025-ci il tarixində Quba Heydər Əliyev Mərkəzində 21 Fevral- Beynəlxalq Ana Dili Günü ilə əlaqədar “Ana dilimizi qoruyaq, inkişaf etdirək, yaşadaq” mövzusunda tədbir keçirilib. Tədbir Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Quba Heydər Əliyev Mərkəzinin əməkdaşları və Quba rayon Qaraçay qəsəbə tam orta ümumtəhsil məktəbinin müəllim və şagirdləri iştirak edib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Beynəlxalq Ana Dili gününün yaranma tarixindən və bu sahədə ölkəmizdə ana dilinə göstərilən dövlət qayğısından, ana dilinin əsrarəngiz gözəlliyindən, səlisliyindən danışıb. O qeyd edib ki, Ana dilimiz xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvətidir. Bu dil Azərbaycan xalqının fikrinin, düşüncəsinin, əqidə və məsləkinin, milli ruhunun ifadəsidir. Ana dili xalqın varlığını təmin edən amillərdən biri, insanın, bütövlükdə millətin, xalqın mənəviyyat aynasıdır. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçib, ancaq öz mənliyini, milliliyini, dilini itirməyib. Biz müstəqil dövlətin, azad xalqın nümayəndəsi kimi doğma dilimizlə, Azərbaycan dili ilə fəxr edirik.
Sonra məktəblilər ana dilinə həsr olunan şeirlər səsləndiriblər. Şagirdlər arasında söz yarışması keçirilib və fəallığı ilə seçilənlər Quba Heydər Əliyev Mərkəzinin Fəxri Fərmanı ilə təltif edilib.
Tədbirin sonunda mərkəzin direktoru bu gözəl gün munasibəti ilə müəllim və şagird kollektivini təbrik edərək onlara öz təşəkkürünü bildirib