28.03.2025
28.03.2025-ci il tarixində Quba Soyqrımı Memorial kompleksi və Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş
"Unudulmayan tarix " adlı tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Quba soyqırım qurbanlarının abidəsini ziyarət edib, kompleksin ərazisində fəaliyyət göstərən muzey ilə tanış olublar.
Tədbir faciə qurbanlarının və vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra Quba soyqırımına həsr olunmuş film nümayiş olunub.
Tədbirdə Azərbaycan xalqının məruz qaldığı soyqırımı aktları ilə bağlı çıxışlar səslənib. Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, BAYRAQDAR MEDİA-nın baş redaktoru, Əməkdar jurnalist Azər Həsrət, Quba Soyqrım Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova, Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin direktoru Pakizə Mehdiyeva və digər iştirakçıların çıxışlarında qeyd olunub ki, 1918-ci ilin 30 mart-3 aprel tarixində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırım aktı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Azərbaycanlılara qarşı baş vermiş bu dəhşətli soyqırım aktına ilk siyasi qiymət Azərbaycan Xalq Cümhuriyyəti, ilk hüquqi qiymət isə Ulu Öndər Heydər Əliyev tərəfindən verilib. Çıxışlarda soyqırım şahidlərinin ifadələri, tarixin bilinən və bilinməyən tərəfləri, Cənubi Azərbaycanda törədilən erməni vəhşilikləri haqqında faktlardan danışılıb. Qeyd edilib ki, təsadüfən aşkar edilmiş
kütləvi Quba məzarlığı, 1918-ci ilin may ayında bolşevik adı altında quldur erməni dəstələri tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırımı və Xocalı soyqırımı ilə bağlı faktlar erməni lobbisinin dünya ictimaiyyəti üçün yaratdığı ermənilərin yalançı soyqırımı faktını ifşa etmək üçün ən tutarlı cavabdır.