Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba Uşaq Musiqi Məktəbində Tofiq Quliyevin 100 illik yubileyi qeyd olunub

20.12.2017

   Dekabrın 20-də Quba Uşaq Musiqi Məktəbində Tofiq Quliyevin 100 illik yubileyi münasibəti ilə konsert proqramı təşkil olunub. Əvvəlcə məktəbin direktoru İlqar Məmmədova söz verilib. O, Tofiq Quliyevin Azərbaycan bəstəkarlıq məktəbinin ən parlaq nümayəndələrindən biri olduğunu qeyd edib. Bildirib ki, Tofiq Quliyevin yüzlərlə mahnısı dillər əzbəridir. Bu bəstələr korifey sənətkarlar tərəfindən ifa olunub və tamaşaçılar tərəfindən çox sevilib. Bu gün də bu mahnılar ifa olunur, yaşayır və bundan sonra da dinləyicilərin  qəlbini fəth etməkdə davam edəcək.

    Sonra məktəbin müəllimi Ülkər Məmmədova bəstəkarın həyat və yaradıcılığı haqqında iştirakçılara geniş məlumat verib.

    Ardınca müəllim və şagirdlərin ifasında Tofiq Quliyevin əsərlərindən ibarət konsert proqramı təqdim olunub. Mənzurə Əhmədova şagirdlərdən ibarət Xalq Çalğı Alətləri ansamblının müşayiəti ilə “Axşam oldu” mahnısını ifa edib. Zemfira Nəsirova fortepianoda “Mahnı-rəqs”, tarda Fərhad Dəmirov, fortepianoda Nüşabə Əkbərlinin müşayiəti ilə “İlk bahar”, xanəndə müəllimi Coşqun Beydullayev, fortepianoda Səbinə Piriyevanın müşayiəti ilə “Lirik mahnı”, Günay Rzayeva fortepianoda “Lay-lay”, akkardionda Ruslan Seyidov, fortepianoda Hülya Eldarovanın müşayiəti ilə “Arzular”, skripkada Rza Hüseynov fortepianoda Günel Məmmədovanın müşayiəti ilə “Lirik mahnı”, klarnetdə Namiq Əliyev, fortepianoda Fidan Mürsəliyevanın müşayiəti ilə “Vətən haqqında mahnı” əsərlərini ifa ediblər. Sonda səhnəyə məktəbin xoru çıxıb. Kollektiv Elnurə Mehdiyevanın dirijorluğu və İradə Aslanovanın konsertmeystrliyi ilə “Ögey ana” kinofilmindən “Bizim bağ” mahnısını ifa edib.