09.01.2026
2026-cı il Azərbaycan Respublikasında möhtərəm cənab Prezident İlham Əliyevin Sərəncamı ilə “Şəhərsalma və Memarlıq İli” elan edilib. Bu qərar ölkəmizdə şəhər mədəniyyətinin inkişafına, memarlıq irsinin qorunmasına və müasir şəhər mühitinin formalaşdırılmasına verilən yüksək diqqətin bariz nümunəsidir.
Qəbul edilmiş Sərəncamın icrası məqsədilə Qusar Rayon Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib.Tədbirdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 2026-cı il üçün nəzərdə tutulan Tədbirlər Planına uyğun olaraq həyata keçiriləcək ideoloji, maarifləndirici və ictimai tədbirlər ətrafında geniş müzakirələr aparılıb.
Müzakirələr zamanı bildirilib ki, Mərkəzin əsas fəaliyyəti şəhərsalma və memarlıq sahəsində birbaşa icra işlərini əhatə etməsə də, Ulu Öndər Heydər Əliyevin Azərbaycan memarlığının inkişafında oynadığı müstəsna rolun təbliği, onun təşəbbüsü ilə həyata keçirilmiş möhtəşəm memarlıq layihələrinin gənc nəslə çatdırılması, milli memarlıq irsinin qorunmasının əhəmiyyəti ilə bağlı maarifləndirici tədbirlərin təşkili əsas istiqamətlərdən biri olacaqdır.
Qeyd olunub ki, il ərzində Mərkəzdə bu mövzuda sərgilərin təşkili, mühazirələrin, tematik görüşlərin, açıq dərslərin, elmi-bədii tədbirlərin keçirilməsi, eləcə də Heydər Əliyevin şəhərsalma və memarlıq sahəsində xidmətlərini əks etdirən materialların ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur. Bu tədbirlər gənclərdə şəhər mədəniyyətinə, milli memarlıq dəyərlərinə və estetik düşüncəyə hörmətin formalaşdırılmasına xidmət edəcəkdir.