18.02.2026
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Gənclərdə müasir şəhərsalma və memarlıq dəyərlərinin təbliği” mövzusunda dəyirmi masa keçirilib
Fevralın 18-də Xaçmaz Rayon İcra Hakimiyyətinin, Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin və Rayon Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Gənclərdə müasir şəhərsalma və memarlıq dəyərlərinin təbliği” mövzusunda dəyirmi masa keçirilib.
Çıxış edənlər Azərbaycan memarlıq məktəbinin formalaşmasında və şəhərsalma sahəsinin inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışıblar.
Prezident cənab İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsinin ölkənin tikinti sektorunda yeni inkişaf mərhələsi yaratdığı, şəhər mədəniyyətinin inkişafına və memarlıq irsinin qorunmasına yüksək diqqətin göstəricisi olduğu qeyd edilib. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin tətbiqi, genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparılması, infrastrukturun müasir tələblər əsasında yenidən qurulması və ərazilərin sürətli dirçəldilməsi bu siyasətin ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyinin əyani təzahürü olduğu bildirilib.
Tədbirdə Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri iştirak edib, tədbir qarşılıqlı diskussiya şəklində davam edib.