Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Xocalı Azaddır – Qürurumuz Əbədidir” adlı tədbir təşkil olunub.

24.02.2026

Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Xocalı Azaddır – Qürurumuz Əbədidir” adlı tədbir təşkil olunub.

Faciə qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Xaçmaz rayon İcra Hakimiyyətinin, Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin, Xaçmaz şəhər Uşaq Musiqi məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələri, müharibə veteranları, rayonun ictimaiyyət nümayəndələri və məktəblilər iştirak edib.

Səslənən çıxışlarda Xocalı faciəsinin Azərbaycan tarixində ən ağır və faciəli səhifələrdən biri olduğu vurğulanıb. Bildirilib ki, artıq Xocalı azaddır və bugün xalqımız faciəni yalnız hüznlə deyil, həm də qürur və zəfər hissi ilə yad edir. Tədbirdə Xocalının erməni qəsbkarları tərəfindən işğalı, dinc əhalinin amansızcasına qətlə yetirilməsi, dünya ictimaiyyəti və beynəlxalq təşkilatların bu faciəyə verdiyi hüquqi qiymət, cinayətkarların öz layiqli cəzalarını alması barədə də çıxışlar səslənib. Qeyd olunub ki, artıq faciə qurbanlarının qisası alınıb. 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib.

Proqram çərçivəsində şagirdlər tərəfindən Xocalıya həsr olunmuş şeirlər səsləndirilib, "Fəryad" filmindən etüdlər ifa olunub, ədəbi-bədii kompozisiyalar təqdim olunub, videoçarxlar nümayiş olunub.

Tədbirin sonunda vurğulanıb ki, Xocalı qurbanlarının xatirəsi daim yaşayacaq, Azərbaycan xalqı öz tarixini heç vaxt unutmayacaq və əldə olunan Qələbə milli qürur mənbəyi olaraq gələcək nəsillərə ötürüləcək.