15.04.2026
"Beynəlxalq Mədəniyyət Günü" qeyd edilib.
15 aprel – Beynəlxalq Mədəniyyət Günü münasibətilə Bəşir Səfəroğlu adına Quba Rayon Mədəniyyət Mərkəzi tərəfindən bədii təqdimatlar təşkil edilib.
Tədbirdə qubalı sənətkarların milli ənənələrə uyğun hazırladıqları əl işləri–xalçalar, yun corablar, saxsı qablar və müxtəlif məişət əşyaları nümayiş olunub. Rəssamların birbaşa naturadan çəkilmiş əsərləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Qubada yaşayan müxtəlif xalqların – tatların, ləzgilərin və xınalıqlıların folklor nümunələri rayona gələn qonaqların xüsusi diqqətini cəlb edib.
2019-cu ildə yaradılan Quba Könüllülər Teatrı, eləcə də Yeni Güləzi kənd folklor klubunda fəaliyyətə başlayan Kukla Teatrı və rəqs qrupları rəngarəng çıxışlarla tədbirə xüsusi ab-hava bəxş edib.
Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin iştirakı ilə keçirilən rəsmi hissədə vurğulanıb ki, Azərbaycan qədim zamanlardan dünya mədəniyyətinin zəngin tərkib hissəsi kimi tanınır və bəşəriyyətin mədəni inkişafına öz töhfələrini verib.
Azərbaycan xalqı tarix boyu milli-mədəni irsini qoruyaraq onu gələcək nəsillərə ərməğan edib.
Qeyd olunub ki, Quba bölgəsi də özünəməxsus mədəniyyəti, zəngin sənətkarlıq ənənələri və müasir inkişafı ilə seçilir.
Çıxışlarda bölgədə mədəniyyətin inkişaf perspektivləri müzakirə olunub, peşəkar sənətkarların fikir və tövsiyələri dinlənilib.
Sonda rayonda uzun illər aktiv fəaliyyət göstərən, həmçinin təqaüddə olan təcrübəli mədəniyyət işçiləri fəxri fərmanlarla təltif olunubla