Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmazda Niyazi adına Dövlət Simfonik Orkestrinin konserti keçirilib

06.05.2026

Xaçmazda Niyazi adına Dövlət Simfonik Orkestrinin konserti keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən bədii kollektivlərin qastrol proqramı davam edir.

Layihə çərçivəsində mayın 5-də Heydər Əliyev Sarayının nəzdində fəaliyyət göstərən Niyazi adına Dövlət Simfonik Orkestrinin Xaçmazda konsert proqramı təqdim olunub.

Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində keçirilən konsertdə orkestr Xalq artisti, Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri Yalçın Adıgözəlovun dirijorluğu ilə Üzeyir Hacıbəylinin “Arazbarı”, Asəf Zeynallının “Muğamsayağı”, Vasif Adıgözəlovun “Prelüd №1” və “Lay-lay”, Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən “Səyahət əsərlərini səsləndirib.

Konsertdə xarici ölkə bəstəkarlarının yaradıcılığına da müraciət olunub. Kollektivin ifasında Antonio Salyerinin “Venesiya yarmarkası” operasından uvertüra, Frits Kreyslerin “Çin tamburini”, Edvard Qriqin “Per Günt” süitasından “Solveyqin mahnısı” və digər əsərlər yüksək şövqlə təqdim edilib.

Konsert proqramı xaçmazlı musiqisevərlərə unudulmaz sənət zövqü bəxş edib. Bütün musiqi nömrələri alqışlarla qarşılanıb.

Qeyd edək ki, aparıcı bədii kollektivlərin qastrol proqramı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədlərinə uyğun olaraq həyata keçirilir.