Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

18 may Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilib

18.05.2026

 

Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Muzeylərdə yaşayan tarix” adlı tədbir keçirilib. Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin, mədəniyyət müəssisələrinin əməkdaşları, təhsil işçiləri və məktəblilər iştirak ediblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda qeyd olunub ki, muzeylər qədimdən bu günə uzanan bir körpüdür. Hər əşyasında, hər guşəsində tarixin silinməz izləri həkk olunub. Ulularımızın keçdiyi tarixi inkişaf yolu, əməyi, məişəti, xalqımızın maddi-mənəvi irsi bu gün muzeylərdə yaşayır. Hərb tariximizin şanlı qələbələri, bəzən süqutlar, bəzən də yüksəlişlər, bir sözlə, “tarix” adlı kitabın səhifələri bu gün muzeylərdə varaqlanır.

Hər il 18 may tarixində dünya ictimaiyyəti tərəfindən qeyd olunan bu əlamətdar gün 1977-ci ildə Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən təsis edilib. Məqsəd muzeylərin cəmiyyət həyatındakı rolunu diqqət mərkəzinə çatdırmaq, mədəni irsin qorunmasının vacibliyini təbliğ etmək və insanların muzeylərə marağını artırmaqdır. 2026-cı ildə Beynəlxalq Muzeylər Gününün devizi “Muzeylər parçalanmış dünyanı birləşdirir” olaraq müəyyən edilib. Bu deviz muzeylərin mədəniyyətlər, xalqlar və cəmiyyətlər arasında körpü rolunu vurğulayır. Müasir dövrdə sosial parçalanma, müharibələr, informasiya bərabərsizliyi və mədəni fərqliliklərin artdığı bir zamanda muzeylər dialoq, qarşılıqlı anlaşma, tolerantlıq və sülhün inkişafına mühüm töhfə verir.

Tədbir məktəblilərin ifasında rəngarəng mahnı və rəqslərlə davam edib.