15.05.2026
Ailə cəmiyyətin təməlidir.
Mayın 15-də Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar Rayon Mərkəzi Kitabxanasının Oxu Zalında “Ailə cəmiyyətin təməlidir” mövzusunda Beynəlxalq Ailə Günü münasibətilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayon üzrə nümayəndəsi, mədəniyyət müəssisələrinin rəhbərləri, Qusar rayon 1 saylı Mediasiya Təşkilatının sədri, 1 və 4 saylı məktəblərin müəllim və şagirdləri, bir çox ziyalılar iştirak ediblər.
Tədbirdə çıxış edənlər ailə dəyərlərinin qorunması, milli-mənəvi ənənələrimizin ötürülməsində ailənin rolu, qarşılıqlı sevgi, hörmət və bağlılığın əhəmiyyəti barədə geniş söhbətlər aparıblar. Sağlam ailənin sağlam cəmiyyətin əsası olduğunu vurğulayaraq, Azərbaycan ailə modelinin milli dəyərlərimizin yaşadılmasında mühüm yer tutduğunu qeyd ediblər.
Tədbirin sonunda videoçarx və sərgi nümayiş etdirilib.