Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba Uşaq Musiqi Məktəbində Qanlı 20 yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunan tədbir keçirilib.

17.01.2018

    Yanvarın 17-si Quba Uşaq Musiqi Məktəbində Qanlı 20 yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə şagirdlər və müəllimlər iştirak edib. Öncə iştirakçılar şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra 20 yanvar hadisələrinin tarixinə nəzər salınıb. Məktəbin direktoru İlqar Məmmədov çıxış edərək bildirib ki, həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq  bunu təkcə faciə kimi qəbul etmək doğru deyil.  Bu tarix Azərbaycanın istiqlal yolunun zirvəsidir. 1990-cı ilin 20 yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

      Məktəbin şagirdi Səbinə Piriyeva Sovet ordusunun xalqımıza qarşı törətdiyi vəhşiliklərdən söz açıb. Qeyd edib ki, bütün bunlara baxmayaraq xalqımızın əzmini qıra bilmədilər, Azərbaycan istiqlala qovuşdu. Bakının ən mötəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər Xiyabanı  xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər Xiyabanı azadlığımızın, müstəqilliyimizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır. Xalqımız igid övladlarının fədakarlığını heç zaman unutmayacaq. Onların əziz xatirəsi böyük ehtiramla anılacaq. İnanırıq ki, Qarabağda da eyni mübarizliklə Qələbə qazanacağıq.

     Daha sonra şagirdlər səhnəyə çıxıb. Onlar şəhidlərə ithaf olunmuş şer kompozisiyaları səsləndirib və vətənpərvər musiqilər ifa ediblər.