18.01.2018
18 yanvar 2018-ci il tarixində Mərkəzi kitabxanada “Ümumxalq Hüzn Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə kitabxana işçiləri ilə yanaşı fəal oxucular, Qusar peşə litseyinin,1,2 və 4 nömrəli orta məktəblərin müəllim və şagirdləri iştirak edirdilər. MKS-nın direktoru Z.Mustafayev çıxış edərək xalqın Milli Qəhrəmanlıq zirvəsinin 20 yanvar səhifəsini bir daha böyük ehtiramla yad etdi. Tədbir iştirakçıları bütün şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Qusar rayon Peşə litseyinin tələbəsi Elvin Qahirov Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ərəfəsində qədim və zəngin dövlətçilik ənənələrinə malik xalqımızın qəhrəmanlıq tarixinə nəzər yetirdi. 1 saylı məktəbin X sinif şagirdi Rəsul Şalbuzovun “Vətən mənə oğul desə nə dərdim” mövzusunda Vətən oğullarını haraya çağıran, torpaqlarımızın düşmən tapdağından azad olunması üçün mübarizəyə səsləyən, yeniyetmə və gənclərdə Vətənə daha dərindən məhəbbət hissi oyadan çıxışı ilə hər kəsin ürəyinə yol tapdı. Kitabxananın fəal oxucularının təqdim etdikləri “Şəhidlər ölməz, Vətən bölünməz” adlı ədəbi-bədii kompozisiya və videoçarx tədbir iştirakçılarına kövrək anlar yaşatdı.