Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon mərkəzi kitabxanası və Quba Uşaq Musiqi məktəbinin birgə təşkilatçılığı ilə Xalq artisti Elza İbrahimovanın anadan olmasının 80 illik yubileyi ilə əlaqədar tədbir keçirildir

24.01.2018

    24.01.2018-ci il tarixdə Quba rayon MKS-nin mərkəzi kitabxanası və Quba Uşaq Musiqi məktəbinin birgə təşkilatçılığı ilə Xalq artisti Elza İbrahimovanın anadan olmasının 80 illik yubileyi ilə əlaqədar musiqi məktəbində “Nəğməkar bəstəkar” adlı musiqili ədəbi-bədii gecə keçirildi. Quba Uşaq Musiqi məktəbinin direktoru İlqar Məmmədov tədbiri açaraq qeyd etdi ki, Azərbaycan estradasına tanqo ritmini gətirmiş ilk bəstəkarlardan olan Elza İbrahimovanın “Qurban verərdim” adlı məşhur əsəri sovet dövründə sərt senzura ilə qarşılanmışdır. Bəstəkar uşaqlıqdan vurulduğu musiqi dünyasına erkən qədəm qoysada, ilk mahnısı olan “Yalan ha deyil” adlı mahnısını 30 yaşında bəstələmişdir. Onun mahnılarını Ş.Ələkbərova, R.Behbudov, A.İslamzadə, F.Kərimova, E.Rəhimova kimi ustad sənətkarlar  məharətlə ifa etmişlər. Sonra MKS-nin direktoru Saməddin Nəsirov çıxış edərək bildirdi ki, Elza İbrahimova çoxjanırlı əsərlərinin hamısında insanlara hərtərəfli gözəllik, mehribanlıq, mübarizlik, sevgi məhəbbət bəxş etmişdir. Əməkdar incəsənət xadimi, Azərbaycanın və Dağıstanın Xalq artisti Elza İbrahimova əvvəlcə A.Zeynallı adına musiqi məktəbini bitirmiş, 1958-1964-cü illərdə Konservatoriyanın bəstəkarlıq şöbəsində Qara Qarayev kimi dahi ustaddan dərs almışdır. Azərbaycan Prezidenti İlham Əliyevin bu sənətkarın 80 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı 22 dekabr 2017-ci il tarixli sərəncam isə Elza İbrahimovanın yaradıcılıq irsinə əsl mədəni-mənəvi dəyər, əməli qiymətdir. Daha sonra Mərkəzi Kitabxananın əməkdaşı Rübabə Hacıbəyova və Quba Uşaq Musuqi məktəbinin müəllimi Ülkər Həsənova Elza İbrahimovanın həyat və yaradıcılığı haqqında çıxış edərək bildirdilər ki, bəstəkarın yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, bəstəkar 1992-ci ildə Azərbaycanın “Əməkdar İncəsənət Xadimi”, 2008-ci ildə isə “Xalq artisti” adına layiq görülmüşdür. Elza İbrahimova Azərbaycan musiqi tarixində həzin, lirik və yaddaqalan əsərlər yaratmışdır. Tədbir çərçivəsində iştirakçılara bəstəkar Elza İbrahimovanın həyat və yaradıcılığına həsr olunmuş “Nəğməkar bəstəkar” adlı videoçarx nümayiş etdirildi. Tədbirin sonunda Quba Uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında bəstəkarın “Sən yadıma düşəndə”, “Gedək üzü küləyə”, “Gecələr bulaq başı”, Qurban verərdim” adlı mahnıları dinlənildi.