25.05.2018
25.05.2018-ci il tarixdə Bəşir Səfəroğlu adına Quba rayon mədəniyyət mərkəzinin qarşısında Quba Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş X Ümumrespublika Kitab Bayramı keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd informasiya texnologiyalarının geniş yayıldığı dövrdə gənclərin mütaliəyə marağını artırmaq, kitabların təbliğinə nail olmaqdır. Bayramda Quba rayon İcra Hakimiyyətinin, Xaçmaz Regional Mədəniyyət İdarəsinin nümayəndələri, mədəniyyət, təhsil işçiləri, gənclər, ziyalılar, məktəb şagirdləri, tələbələr, qubalı şair və yazıçılar, rayon ictimaiyyəti, rayonda istirahətdə olan turistlər, KİV nümayəndələri və başqaları iştirak edirdi. Digər illərdən fərqli olaraq bu ilki tədbir axşam saatlarına kimi davam etdi. Tədbir çərçivəsində yeni kitablardan ibarət maraqlı sərgilər, məşhur əsərlərdən müxtəlif səhnəciklər nümayiş etdirildi. Gün boyu intellektual yarışlar, maraqlı müsabiqələr keçirildi, azyaşlı oxucular üçün “Nağıl qəhrəmanları” nın paradları təşkil olundu. Tədbirdə sərgilərə 180 adda 700-dən artıq müxtəlif dillərdə nəşr olunmuş kitablar, kitabxanaya yeni daxil olmuş nəşrlər çıxarıldı, kitabxananın fəal oxucularının əl işləri nümayiş olundu. Sərgilərdə “Heydər Əliyev-95”, “Zərifə Əliyeva-95”, “Prezident İlham Əliyev”, “Azərbaycanın Birinci xanımı”, “2018-ci il Azərbaycan Xalq Cümhuriyyəti ilidir”, “Müstəqilliyimiz əbədidir”, “Qubalı yazıçılar”, “2018-ci ilin yubilyarları”, “Unudulmaz dərdimiz Qarabağ!”, “Kənd təsərrüfatı”, “Turizm guşəsi”, “Elektron nəşrlər”, “Azərbaycan kinosu” , “Rəşadətli Azərbaycan Ordusu”, “Musiqi dünyası”, “Azərbaycan xalçaçılıq sənəti”, “Kitabxana işi”, “Bədii ədəbiyyat”, “Uşaqların sevimli yazıçıları”, “Uşaqların nağıl dünyası”, “Bacarıqlı əllər” və s. başlıqlı kitablar, fotostendlər nümayiş olundu. Ümummilli Lider Heydər Əliyevin həyatı, siyasi fəaliyyətinə həsr edilmiş kitablar və Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyaları bayramın keçirildiyi məkanda xüsusi yer tuturdu. Sərgilərdə həmçinin dövlətimizin başçısı, cənab İlham Əliyevə həsr olunan kitablara və portret-plakatlara geniş yer verilmişdir. Vətənpərvərliyi təbliğ edən kitab sərgiləri də tədbirdə xüsusi yer tuturdu. Tədbiri giriş sözü ilə açan Quba rayon İcra Hakimiyyətinin Başçısı Ziyəddin Əliyev bayram münasibətilə hər kəsi təbrik etdi. O, kitabın biliyin, intellektin və mədəniyyətin yüksəlməsindəki rolundan danışdı. Sonra çıxış edən Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev bildirdi ki, Kitab bayramı hamının bayramıdır. Çünki insanın formalaşmasında, mədəni səviyyəsinin yüksəlməsində kitabın rolu böyükdür. Kitab bayramının ənənəvi olaraq keçirilməsi göstərir ki, kitaba böyük məhəbbət və sevgi var. Daha sonra MKS – nin direktoru Saməddin Nəsirov çıxış edərək tədbirin əhəmiyyətindən söz açdı. O, ölkəmizdə kitabxana sahəsinin inkişafından danışaraq qeyd etdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu sahəyə xüsusi diqqəti olmuşdur. Onun respublikamıza rəhbərliyi dövründə kitabxana sisteminin inkişafına ciddi diqqət yetirilib, bu sahədə əhəmiyyətli tədbirlər həyata keçirilib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin mədəniyyət siyasətini böyük uğurla davam etdirən hörmətli prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, kitab və kitabxana işinin inkişafında tamamilə yeni bir mərhələnin əsası qoyulub. Bayram tədbirində məktəblilər Vətənə, ulu öndər Heydər Əliyevə, Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan şeirlər söylədilər. Tədbirin bədii hissəsi Quba Dövlət Sosial İqtisad kollecinin tələbəsinin ifasında “Ulu Öndər” şeirinin səslənməsi ilə başladı. Bayramda Uşaq Musiqi məktəbinin, Uşaq İncəsənət məktəbinin şagirdlərinin ifasında vətənpərvərliyi əks etdirən musiqilər, eləcə də istedadlı balacaların ifasında təqdim olunan rəqslər və “Meyvələrin söhbəti” təmsili maraqla qarşılandı. Bayram çərçivəsində bir sıra kitabxana işçilərinə, fəal oxuculara, kitabxananın tədbirlərində fəal iştirak edən körpələr evi – uşaq bağçalarına “Fəxri Fərman”lar təqdim olundu. Tədbirdə iştirak edən kitabsevərlər sərgilərə baxış keçirir, onlara maraqlı olan kitablar haqqında müzakirələr aparır, milli və xarici nəşrlər, kitabxanaya yeni daxil olmuş çap məhsulları ilə tanış olur, alacaqları kitabları dəqiqləşdirir, kitabların müəllifləri ilə maraqlanırdılar. Tədbir zamanı 78 yeni oxucu kitabxanaya üzv yazıldı, kitabxananın rəsmi WEB- saytı ilə maraqlandı. Sonda xatirə şəkilləri çəkildi.