07.09.2018
07.09.2018-ci il tarixdə Quba MKS-nin mərkəzi kitabxanasının əməkdaşları tərəfindən Quba rayon Bayraq Muzeyində Səyyar kitabxana xidməti təşkil olundu. Səyyar kitabxana xidmətini təşkil etməkdə məqsəd Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fondunda olan ədəbiyyatı təbliğ etmək, yeni oxucu qruplarını kitabxanaya cəlb etməkdir. Sərgidə kitabxananın fondunda olan 30 adda 100-dən artıq Azərbaycan və xarici ədəbiyyatla yanaşı kitabxanaya yeni daxil olmuş ədəbiyyat da nümayiş olundu. Tədbiri giriş sözü ilə açıq elan edən MKS-nin direktor müavini Hüriyyə Sultanova yaradılan şəraitə görə muzeyin əməkdaşlarına öz təşəkkürünü bildirərək qeyd etdi ki, kitabxanaların köməyi ilə gənclər kitablara müraciət etməklə özlərinin intelektual imkanlarını formalaşdıra bilərlər. O, gənclərə mütaliə maraqlarını genişləndirməyi, kitabın gücünə inanmağı və bütün biliklərin mənbəyi olan kitabı sevməyi tövsiyyə etdi. Xidmət zamanı muzeyin bələdçisi Xədicə Bağırova Bayraq Muzeyi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Göstərilən kitabxana xidməti muzeyin işçiləri və buraya baxış keçirən əhali tərəfindən maraqla qarşılandı. Sonda xatirə şəkilləri çəkildi, muzeyə baxış keçirildi.