24.12.2018
Xaçmaz Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə daxil olan Quba Uşaq Musiqi Məktəbində dünyaca məşhur bəstəkar, SSRİ xalq artisti Arif Məlikovun 85 illik yubileyi qeyd olunub. “Azərbaycan musiqisinin canlı əfsanəsi” adlı tədbirdə giriş sözü ilə məktəbin direktoru İlqar Məmmədov çıxış edib. O qeyd edib ki, A. Məlikovun yaradıcılığı müasir Azərbaycan musiqi mədəniyyətinin ən parlaq səhifələrindən birini təşkil edir. Sənətkarın hər yeni əsəri həm ölkəmizdə, həm də onun hüdudlarından uzaqlarda əks - səda tapır, maraqla qarşılanır. Dahi bəstəkar Q.Qarayevin yaradıcılıq məktəbindən, eləcə də D.Şostakoviçin və dünya musiqisinin qabaqcıl nümayəndələrindən bəhrələnən A.Məlikov özünəməxsus yaradıcılıq üslubu yaradıb. Canlı əfsanə bu gün də dünya miqyasında müasir Azərbaycan musiqisini yüksək səviyyədə təmsil edən şəxsiyyətlərdən biridir.
Daha sonra məktəbin müəllimi Ülkər Həsənova Arif Məlikovun həyatı və yaradıcılığı haqqında tamaşaçılara geniş məlumat verib. Qeyd edib ki, görkəmli bəstəkar "Məhəbbət əfsanəsi", "İki nəfər", "İki qəlbin dastanı" baletləri, "Vətən" və "Dünyanın səsi" kantataları, VII simfoniyası, "Ləpələr" operettası, müxtəlif janrlı kamera - instrumental əsərləri, XÇA orkestri üçün süitaları, romans və mahnıları, film və tamaşalara bəstələdiyi musiqisilərlə milli musiqi xəzinəmizi zənginləşdirib.
Daha sonra məktəbin müəllim və şagirdləri konsert proqramı ilə çıxış ediblər. Bəstəkarın əsərləri ifa olunub. Murad Məmmədov və Səbinə Muradova fortepianoda “Düşüncələr”, Ruslan Seyidov qarmonda “İki qəlbin dastanı” baletindən bir parça, Səbinə Piriyeva və Hülya Eldarova fortepianoda “İki qəlbin dastanı” baletindən “Komdinin xəyalları”, xanəndə müəllimi Əlövsət Səlimov “Güllər”, xanəndə müəllimi Coşqun Beydullayev “Gəl bizim dağlara”, Zeynəbxanım Soltanova və Xədicə Əliyeva fortepianoda “Lirik vals” əsərlərini ifa ediblər. Sonda isə səhnəyə xüsusi qonaq kimi məktəbin yetirməsi, hazırda Respublika İncəsənət Gimnaziyasının şagirdi olan Günel Məmmədova çıxıb. Ə.Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş respublika müsabiqəsində 3-cü yer tutan, Q.Qarayevin 100 illik yubileyinə həsr olunmuş respublika pianoçularının 5-ci elmi-ifaçılıq müsabiqəsinin diplomantı, Payız Əfsanələri Beynəlxalq müsabiqəsində 1-ci yerin qalibi olan Günel A.Məlikovun “Ötəri anlar” əsərini ifa edib.