09.12.2018
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il ötür. Hər birimiz ulu öndərin xatirəsini böyük ehtiramla anırıq. Dekabrın 8-i Quba Uşaq Musiqi Məktəbində “Heydər Əliyev – Azərbaycanın əbədiyyət günəşi” adlı tədbir keçirilib, ümumilli liderin xatirəsi yad olunub. Tədbirdə təhsil müəssisəsinin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər. Əvvəlcə ulu öndərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Quba Uşaq Musiqi Məktəbinin direktoru İlqar Məmmədov çıxış edərək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ölkəmizin inkişafı üçün gördüyü böyük işlərdən danışıb. Ümimilli liderin mədəniyyətimizə və incəsənətimizə həmişə böyük həssaslıq və qayğı ilə yanaşdığını diqqətə çatdırıb. Ardınca məktəbin IV sinif şagirdi Ləman Xasıyeva çıxış edərək ulu öndərin keçdiyi zəngin və şərəfli həyat yoluna qısa nəzər salıb.
Daha sonra şagirdlər ümumilli liderə həsr olunan şeirlər söyləyiblər. Xanəndə müəllimi Əlövsət Səlimov Xanım İsmayılqızının bəstəsi olan “Dahi” mahnısını ifa edib. Xanəndə müəllimi Coşqun Beydullayev isə Heydər Əliyevin çox sevdiyi mahnılardan olan “Alagöz” mahnısını oxuyub. Sonda isə tədbir iştirakçıları 1-ci sinif şagirdi Tural Hədiyəyevin ifasında “Yaşa Azərbaycan” mahnısını dinləyiblər.