04.02.2019
4 fevral 2019-cu il tarixində Şabran rayon Mədəniyyət Mərkəzində Mədəniyyət Naziri Əbülfəs Qarayevin keçirdiyi Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsinə həsr olunmuş müşavirə ilə əlaqədar Şabran mədəniyyət işçiləri ilə görüş keçirildi. İclası giriş sözü ilə açan Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev bildirib ki, ölkə başçısının 15 yanvar 2019-cu il tarixli fərmanı dövrün və zamanın tələblərinə cavab verən effektli mədəniyyət siyasətinin həyata keçirilməsi istiqamətində görülən işlərin, aparılan islahatların məntiqi davamıdır. Fərmanda beynəlxalq təcrübə, informasiya-kommunikasiya texnologiyalarının imkanları, habelə mövcud təlabat nəzərə alınmaqla, ölkədə kitabxana sisteminin yenidən qurulması, dövlət mülkiyyətində olan muzeylərin fəaliyyətinin optimallaşdırılması və daha təkmil muzey fəaliyyətinin təşkili, nazirliyin tabeliyindəki musiqi məktəblərinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə inzibati-ərazi vahidləri üzrə daha kompakt təşkili, mədəniyyət mərkəzlərinin, mədəniyyət evlərinin və klubların, rəsm qalereyalarının fəaliyyətinin təkmilləşdirilməsi kimi mühüm məsələlər əksini tapıb. Bu məsələlərin həlli ilə bağlı fərmanla yaradılan Komissiyaya, o cümlədən Mədəniyyət Nazirliyinə müvafiq tapşırıqlar verilib. N.Ağayev ölkə başçısının Fərmanı ilə Mədəniyyət Nazirliyində həyata keçirilən müvafiq tədbirlər haqqında da məlumat verib. Həmçinin qeyd olunub ki, Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən yaradılan xüsusi komissiya Şabran rayonunda fəaliyyət göstərən klub və kitabxanalarda monitorinq aparacaq, bina şəraiti və fəaliyyəti qeyri-qənaətbəxş olan kənd mədəniyyət müəssisələrinin fəaliyyəti ləğv ediləcəkdir. Həmin müəssisələrdə çalışan mədəniyyət işçilərinin yaxın bir zamanda müvafiq iş yeri ilə təmin edilməsi məqsədi ilə də tədbirlər həyata keçiriləcəkdir. Müşavirədə çıxış edən Şabran rayon İcra Hakimiyyətinin müavini Fikrət Nuşiyev rayonda mədəniyyət sahəsində həyata keçirilən tədbirlərdən söz açıb. Sonda müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.