18.02.2019
18 fevral 2019-cu il tarixində Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində Bakı-Dərbənd-Mahaçkala dəmiryol xəttinin çəkilməsinin 120 illiyinə həsr olunmuş “Dəmir izlər” adlı sərgi açılıb. Sərgidə mövzu ilə bağlı muzeyin fondunda qorunan eksponatlar və Xaçmaz dəmiryol idarəsi tərəfindən muzeyə təqdim olunan yeni materiallar, çox maraqlı əşya və olduqca qiymətli arxiv sənədlərindən istifadə olunmuşdur.Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəis müavini Elxan Məhərrəmov, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva, Xaçmaz Dəmiryol Stansiyasının rəis müavini Əliqiyam Məmmədov və başqaları çıxış edərək sərginin əhəmiyyətindən danışıblar.
Bildirilib ki, muzeylər yerləşdiyi bölgənin tarix və məişəti, insanların həyat tərzi, məşğuliyyəti, habelə adət ənənələrini hər zaman diqqətdə saxlamalıdır. Xaçmazın rayon kimi təşəkkül tapmasında əhəmiyyətli rola malik dəmir yolu xəttinin tarixi də öyrənilməli, təbliğ edilməlidir.
Məlumat verilib ki, Vladiqafqaz dəmiryol xəttinin çəkilişinə 1898-ci ildə başlanılıb və 1902-ci ildə başa çatıb. Müəyyən tamamlama işləri 1915-ci ilədək davam edib. İngilis və alman mütəxəssislərin iştirakıyla həyata keçirilən tikintidə yerli əhali də yaxından iştirak edib. İndiki Xaçmaz və Xudat şəhəri eləcə də Yalama, Ləcət, Qusarçay, Çarxı kəndləri ərazisində xüsusi memarlıq üslubuna malik vağzal binaları tikilərək istifadəyə verilib. Bu binalar indi tarixi abidə kimi qorunur.
Bölgənin iqtisadi və siyasi inkişafında müstəsna əhəmiyyəti olan Bakı - Vladiqafqaz dəmiryol xətti, Xaçmazın əvvəlcə yaşayış məntəqəsi, sonralar isə rayon kimi formalaşmasında böyük rol oynayıb.
Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərginin nümayişi 15 gün davam edəcəkdir.