Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba Heydər Əliyev Mərkəzində ”31 mart - Azərbaycanlıların Soyqırımı günü” ilə əlaqədar elmi-praktik konfrans keçirilmişdir

29.03.2017

    29 mart 2017-ci il tarixində Quba Heydər Əliyev Mərkəzində “ Heydər Əliyev və soyqırım siyasəti” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialının, Quba peşə liseyinin müəllim və tələbələri,  Quba texniki təmayüllü liseyi, Quba 1, 4, 5, 7 saylı  tam orta məktəbinin müəllim və şagirdləri iştirak etmişdilər.

    Konfransı giriş sözü ilə Mərkəzin direktoru Elza xanım  Orucova açmış və ulu öndər Heydər Əliyevin, 31 Mart soyqırımı qurbanlarının və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 

Konfransda  Quba Heydər Əliyev Mərkəzinin direktoru E. Orucova “ Heydər Əliyev və soyqırım siyasəti”, Quba rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi A. Murtuzov “ Quba soyqırımı – tarixi həqiqətlər”, Quba 4 saylı tam orta məktəbinin tarix müəllimi P.Əhmədova “31 Mart soyqırımı – qan yaddaşımızdır”, Quba peşə liseyinin tarix müəllimi A. Məmmədov “31 Mart  soyqırımı – yaddaşlardan silinməməlidir”, ADPU –nin Quba filialının Tələbə Elmi Cəmiyyətinin sədri  T.Abışova “31 mart soyqırımı- gənclərin gözü ilə” adlı məruzələrlə çıxış etmişlər.   

     Məruzələrdə qeyd olunmuşdur ki, tariximizi qara ləkələrdən təmizləmək, keçmişdə baş verənləri olduğu kimi öyrənib xalqa çatdırmaqda xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin xüsusi xidmətlərini hər zaman minnətdarlıqla qeyd etməliyik. Məhz ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli  “ 31 mart Azərbaycanlıların Soyqırımı haqqında” fərmanı tariximizin qaranlıq səhifələrinə işıq salmışdır.

     1918-ci ildə isə azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və başqa bölgələrdə olduğu kimi Quba qəzasında da xüsusi qəddarlıqla həyata keçirilmişdir.

      2007-ci il aprel ayının 5-də Quba şəhər stadionunda aparılan yenidənqurma işləri zamanı aşkar olunmuş kütləvi məzarlıq ermənilərin Qubada törətdikləri vəhşilkərin danılmaz sübutlarından  biridir. Məlum olduğu kimi,   möhtərəm Prezidentimiz cənab İlham Əliyev Quba şəhər stadionunun yaxınlığında aşkar olunmuş kütləvi məzarlıqda “ Soyqırım Memorial Kompleksi” nin  yaradılması haqqında 30 dekabr 2009-cu ildə sərəncam imzalamışdır və ərazidə Heydər Əliyev Fondu tərəfindən möhtəşəm kompleks tikilmişdir.

Bu il Quba soyqırımının 99 –cu ildönümü tamam olur. Bu günləri biz heç vaxt yaddan çıxarmamalı, doğma xalqımıza qarşı çevrilmiş bu soyqırımı böyük kədər və düşmənə nifrət hissi ilə qeyd etməliyik.

     Konfransda gənclərdən Z. Kərimova, R. Qasımova, B Şirinova və başqaları çıxış edərək qeyd etdilər ki,  soyqırımı və deportasiya ilə bağlı hadisələr, tarixi sənədlər bütün dünyaya çatdırılmalı , əsrlər boyu yaddaşlarda qalmalıdır və biz inanırıq ki, respublikamız üçün taleyüklü məsələ olan Qarabağ problemi möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin müdrik siyasəti, qətiyyətli mövqeyi və səyi nəticəsində gec-tez həll olunacaqdır.

     Konfransın sonunda 31 mart soyqırımı  haqqında film nümayiş olunmuş, sonra isə konfrans iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmişlər.