Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Xaçmazda

26.04.2019

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının  növbəti ev sahibi Xaçmaz rayonu olub.

Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrini əhatə edən rayon və şəhərlərin iştirakı ilə ənənəvi  “Bölgələrdən Bölgələrə”  Yaradıcılıq Festivalı Heydər Əliyev Parkında baş tutub.

Mədəniyyət bayramında Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, rayon rəhbərliyi və yüzlərlə  xaçmazlılar da iştirak ediblər.

İki hissədən ibarət olan yaradıcılıq festivalının  rəngarəng  proqramını yadda qalan edən anlardan biri  Qusar Dövlət Ləzgi Dram Teatrının “Dideyar” nənələr qrupunun və Niyazabad Folklor Kollektivin təqdimatında  cəhrədə yun əyirmək, xalça toxumaq,  səhənglə su daşımaq kimi  digər  keçmiş dövrlərin məişət işlərinin canlandırılması oldu .

Mədəniyyət bayramını  Xaçmaz Xalq Teatrının Üzeyir Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasından bir epizodu səhnələşdirilməsi,  Şabran Xalq Teatrının aktyorunun  təqdimatında dahi Azərbaycan şairi İmaməddin Nəsiminin obrazının canlandırılması və şairin qəzəllərinin ifa edilməsi maraqlı edib. Daha sonra Xınayaxdı Xalq Folklor Kollektivinin ifasında  incəsənət nümunələrinin nümayiş etdirilməsi də  diqqət mərkəzində olub.

Festival Xaçmaz və Quba Mədəniyyət Mərkəzlərinin pəhləvanlarının müxtəlif maraqlı nömrələri ilə davam edib.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalında sərgi hissəsində  çadırlar qurularaq İsmayıllı ustalarının metalişləmənin fərqli texnika və üsullarından istifadə edərək hazırladıqları misgərlik nümunələri, məişət qabları, kəlağayılar, Sumqayıt sənətkarlarının bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağacdan hazırladıqları muncuq və digər bəzək əşyaları, Masallı regional idarəsi tərəfindən təqdim olunan həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq  kimi digər nümunələr maraqla qarşılanıb.

Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib. Oymaçı rəssam Asif Qasımovun hazırladığı sənətkarlıq  nümunələri  qonaqların diqqət mərkəzində olub.

Daha sonra respublikamızda yeganə çay daşı üzərində oyma ustası Ədalət Pirverdiyevin və dəmir üzərində döymə ustası olan Zeydulla Ağayevin əyani şəkildə hazırladığı sənətkarlıq nümunələri ziyarətçilərin marağına səbəb olub.

Yaradıcılıq Festivalının ikinci hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən  respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı baş tutur. Festival  may ayında yekunlaşacaq.