01.05.2019
1 may 2019-cu il tarixində AMEA Nizami adına Ədəbiyyat İnstitutu və Qusar rayon İcra Hakimiyyəti, rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Nəsimi poeziyasında kamil insan modeli" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayon nümayəndəsi David İbramxəlilov açmışdır. Daha sonra Qusar rayon Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova "Nəsimi dünyası" adlı video-təqdimatla çıxış etmişdir. Məruzələrdən əvvəl Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev konfrans iştirakçılarını salamlayaraq, belə müştərək tədbirlərin əhəmiyyətindən danışdı. daha sonra AMEA-nın Nizami adına Ədəbiyyat institutunun "Orta əsrlər Azərbaycan ədəbiyyatı" şöbəsinin müdiri, filologiya elmlər doktoru, professor Fəridə Əzizova "İnsan ali dəyərlərin inikası kimi", filologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Əliyeva "İmadəddin Nəsimi - anadilli şeirin banisi kimi", Qusar şəhər 1 saylı tam orta məktəbin dil ədəbiyyat müəllimi Ülviyyə Mustafayeva "Nəsimi irsinin öyrənilməsi və təbliği", filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlı "Nəsiminin Azərbaycan ədəbiyyatında yeri", filologiya üzrə fəlsəfə doktoru Qədim Qubadov "Nəsimi və folklor", fəlsəfə elmlər doktoru, dosent Mərziyə Nəcəfova "Nəsimi tədqiqatlarda" mövzularında çıxışlar etmişlər. Konfransda rayon ümumtəhsil məktəbliləri arasında Nəsiminin 650 illiyi ilə bağlı keçirilən inşa-yazı və rəsm müsabiqəsinin qalibləri diplomlarla təltif olundular. "Nəsimi - 650" zona üzrə şeir müsabiqəsinin qalibi Elnurə Cavadova konfransda Nəsiminin "Etməgil" qəzəlini səsləndirdi. Konfransdan sonra qonaqlar "Nəsimi və hürufilik fəlsəfəsi" adlı sərgi ilə tanış oldular.