Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qubada IX Ümumrespublika Kitab Bayramı keçirilmişdir

25.05.2017

        25.05.2017-ci il tarixdə Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət evinin qarşısında Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə  həsr olunmuş  IX   Ümumrespublika Kitab Bayramı keçirildi.  Digər illərdən fərqli olaraq bu dəfə kitablarla bəzədilmiş məkan, böyük və maraqlı kitab nümunələri nümayiş olundu. Tərtibatın özü də informasiya-maarif xarakteri daşıyırdı. Kitab bayramında rayon rəhbərliyi,  mədəniyyət, təhsil işçiləri, gənclər, ziyalılar, məktəb şagirdləri, tələbələr, qubalı şair və yazıçılar, rayon ictimaiyyəti, rayonda istirahətdə olan turistlər, KİV nümayəndələri və başqaları iştirak edirdi.  Tədbirdə 120 adda 2500-dən artıq müxtəlif dillərdə nəşr olunmuş kitablar, kitabxanaya yeni daxil olmuş nəşrlər çıxarılmış, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Müstəqil Azərbaycanın qurucusu və memarı”, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, “Böyük yolun davamçısı”, “Zərifə Əliyeva-94”, “Cəmiyyətdə yaradıcı qadınlar”, “2017-cı il İslam Həmrəyliyi  ilidir”, “Doğma Qarabağım”, “Qubalı şair və yazıçılar”, “Kitabxanalarımız bu gün”, “Elektron nəşrlər”,  “Molla Pənah Vaqif - 300”,  “Mirzə Ələkbər Sabir – 155”, “Bədii ədəbiyat”, “Uşaqların sevimli yazıçıları”, “Uşaqların nağıl dünyası”, “Bacarıqlı əllər” və s. başlıqlı sərgilər, kitabxananın fəal oxucularının əl işləri, həmçinin “Azərbaycanın Milli Qəhrəmanları”, “Kənd təsərrüfatı”, “Musiqi dünyası”, “Kino sənəti”, “Milli-mənəvi dəyərlərimiz” başlıqlı guşələr nümayiş etdirilmişdir.  Ümummilli Lider Heydər Əliyevin  həyat və fəaliyyətinə həsr edilmiş kitablar bayramın keçirildiyi məkanda  xüsusi yer tuturdu. Burada həmçinin , onun fəaliyyət xəttinin layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyevin  portret-plakatlarına, ümummilli liderin  həyat və fəaliyyətinə həsr olunmuş əsərlərə  geniş yer verilmişdir.  Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların plakatları, vətənpərvərliyi təbliğ edən , milli mənəvi dəyərlərimizi, mədəniyyətimizi  əks etdirən kitab sərgiləri  də nümayiş olunurdu.

     Tədbiri giriş sözü ilə açan Quba rayon İcra Hakimiyyətinin başçının müavini ,  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri   Rəxşəndə Bayramova kitabsevərləri bayram münasibəti ilə təbrik etdi. O, ulu öndər Heydər Əliyevin Azərbaycan  mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan kitabxana quruculuğu sahəsindəki misilsiz xidmətlərindən, kitabın  insan həyatındakı rolundan bəhs etdi. Sonra  çıxış edən  Xaçmaz Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Nazim Ağayev  kitabın cəmiyyət üçün dəyələrindən bəhs edərək qeyd etdi ki, kitab bəşəriyyətin, insanlığın ən böyük kəşflərindən biridir və əgər kitab olmasaydı, elmlərin də inkişafı olmazdı. Daha sonra çıxış edən  Heydər Əliyev Mərkəzinin direktoru, Əməkdar Mədəniyyət işçisi Elza Orucova kitabxanaların bu dövrdəki  fəaliyyətindən danışdı.

O vurğuladı ki, oxucuların milli mədəniyyətimizə, ədəbiyyatımıza, Azərbaycan tarixinə, milli ideologiyaya dair nəşrlərə marağı olduqca çoxalmışdı. Çox fərəhləndirici haldır ki, Azərbaycan dilində olan kitablara da sorğu əvvəlki illərə nisbətən qat – qat artmışdı. Daha sonra Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Saməddin Nəsirov   çıxış edərək  ulu öndər Heydər Əliyevin kitab və kitabxanaya verdiyi qiymət ,  kitabxana sahəsinə dair imzaladığı Fərman və Sərəncamlardan söhbət açdı.  O öz çıxışında  qeyd etdi ki , kitabxana işinə olduqca böyük qiymət verən, onu cəmiyyət üçün müqəddəs yer, mənəviyyat, bilik və zəka mənbəyi adlandıran ümummilli lider  bu sahənin dövlət, ümumxalq qayğısı ilə əhatə edilməsini lazım bilirdi. Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq  gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan ulu öndərimiz Azərbaycanda kitabxana işinin inkişafına da öz töhfələrini vermişdir. Tədbir bədii hissə ilə davam edib. Kitab bayramında nümayiş etdirilən maraqlı kompozisiyalar, Uşaq Musiqi məktəbinin, Uşaq İncəsənət məktəbinin müəllim və tələbələrinin, rayon Mədəniyyət mərkəzinin sənətçilərinin  ifasında vətənpərvərliyi əks etdirən musiqilər, eləcə də istedadlı balacaların ifasında təqdim olunan milli rəqslər, şeirlər maraqla qarşılanıb. Tədbirdə Qəçrəş kənd orta məktəbinin şagirdlərinin Molla Pənah Vaqifin 300 illik yubileyi ilə əlaqədar  hazırladığı Səməd Vurğunun “Vaqif” dramı  bayramı daha da maraqlı etmişdir.

     Bayram çərçivəsində bir sıra kitabxana işçilərinə, kitabxananın fəal oxucularına fəxri fərmanlar təqdim olundu. Tədbir boyunca insanlar stendlərə yaxınlaşaraq alacaqları kitabları dəqiqləşdirir, milli və xarici nəşrlərin  müəllifləri ilə maraqlanır, kitabxanaya yeni daxil olmuş çap məhsulları ilə tanış olurdular.  Tədbir zamanı 114 yeni oxucu kitabxanaya üzv yazılıb. Təşkil olunmuş sərgilər yüzlərlə insan tərəfindən maraqla izlənib.