Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba şəhərində keçirilən “Oxu Bayramı” böyük maraqla qarşılanıb

21.05.2019

20.05.2019-cu il tarixdə  Quba meydanında yerləşən  Mərkəzi parkda Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Oxu Bayramı”  keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd  mütaliəyə diqqətin artırılması, ədəbiyyata marağı olan hər kəsin, habelə yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır.Tədbir zamanı  müxtəlif mövzularda təşkil olunan kitab sərgiləri, MKS – nin mərkəzi kitabxanasının rəsm və bacarıqlı əllər dərnəklərinin əl işlərindən ibarət sərgiləri, fəal oxucuların  rəsm sərgiləri nümayiş etdirildi. Bayramda  Quba rayon İcra Hakimiyyətinin, Xaçmaz Regional Mədəniyyət İdarəsinin  nümayəndələri, mədəniyyət, təhsil işçiləri, gənclər, ziyalılar, məktəb şagirdləri, tələbələr, qubalı şair və yazıçılar, rayon ictimaiyyəti,  rayonda istirahətdə olan turistlər, KİV nümayəndələri və başqaları iştirak edirdi. Tədbirdə 175 adda 600-dən artıq müxtəlif dillərdə nəşr olunmuş kitablar, kitabxanaya yeni daxil olmuş nəşrlər nümayiş olundu.  Sərgilərdə “Heydər Əliyev-96”, “Prezident İlham Əliyev”, “Azərbaycanın Birinci xanımı”, “2019-cu  il Nəsimi  ilidir”, “Müstəqilliyimiz əbədidir”, “Qubalı yazıçılar”, “2019-cu  ilin yubilyarları”, “Unudulmaz dərdimiz  Qarabağ!”, “Kənd təsərrüfatı”, “Müasir  ədəbiyyat”, “Xarici ədəbiyyat”, “Elektron nəşrlər”, “Azərbaycan kinosu” , “Rəşadətli Azərbaycan Ordusu”, “Musiqi dünyası”, “Azərbaycan xalçaçılıq sənəti”, “Kitabxana işi”, “Bədii ədəbiyyat”, “Uşaqların sevimli yazıçıları”, “Uşaqların nağıl dünyası”, “Bacarıqlı əllər” və s. başlıqlı kitablar, fotostendlər nümayiş olundu. Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin   həyatı, siyasi  fəaliyyətinə həsr edilmiş kitablar bayramın keçirildiyi məkanda  xüsusi yer  tuturdu. Tədbirdə, həmçinin dahi Azərbaycan şairi İmaməddin Nəsiminin obrazının canlandırılması, şairin qəzəllərinin ifa edilməsi iştirakçıların marağına səbəb olub. Tədbir çərçivəsində mədəniyyət mərkəzinin “Şərq incisi”  rəqs kollektivi maraqlı rəqslərlə, Xaçmaz Regional Mədəniyyət  İdarəsinin bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış etdilər.Tədbiri giriş sözü ilə açan MKS – nin direktoru Saməddin Nəsirov  çıxış edərək tədbirin əhəmiyyətindən söz açdı. O, oxucuların mütaliəsi  işinin təşkili, onların mütaliəyə həvəsinin daha da gücləndirilməsi yönündə görülən tədbirlərdən danışdı. Gənclərin və uşaq yaşlı oxucuların mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində mütaliənin mühüm rol oynadığını qeyd etdi. Sonra çıxış edən Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev  ölkəmizdə kitabxana işi sahəsində uğurla aparılan möhtəşəm quruculuq işlərindən,   Azərbaycan Respublikası Prezidentinin silsilə fərman və sərəncamlarından, kitabxana-informasiya sahəsindəki yeniliklərdən, kitabxanalardakı işin  müasir  tələblərə uyğun qurulmasından danışdı. Daha sonra çıxış edən  Quba rayon İcra Hakimiyyətinin Başçısı Ziyəddin Əliyev  bayram münasibətilə hər kəsi təbrik etdi. O, müstəqil Azərbaycanda kitabxana işinə qayğı siyasətinin əsası Heydər Əliyev tərəfindən qoyulduğunu və  möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin də Ulu Öndərin yolunun layiqli davamçısı kimi kitabxana sahəsinə xüsusi diqqət və qayğı göstərdiyini, respublikamızda oxucuların kitabdan və kitabxanalardan faydalanmaları üçün hər cür şəraitin yaradıldığını vurğuladı. Tədbirdə həmçinin qeyd olundu ki, kitab cəmiyyətin, şəxsiyyətin formalaşmasında, mədəniyyətin inkişafında  mühüm rola malikdir. Kitabların insanlara verdiyi töhfələr onun  qiymətindən qat-qat üstündür. Bayram tədbirində məktəblilərin  ulu öndərə həsr olunmuş  çıxışları  iştirakçılarda xoş əhval-ruhiyyə yaratdı.Tədbir boyunca  kitabsevərlər  sərgilərə baxış keçirdilər,  kitabxanaya yeni daxil olmuş çap məhsulları ilə tanış oldular.Tədbirin sonunda mütaliə ənənələrinin təbliğ edilməsi məqsədilə keçirilən  “Oxu Bayramı” müsabiqəsinin qalibləri  mükafat, Fəxri Fərman və müxtəlif hədiyyələr ilə təltif olundular.