19.06.2019
19 iyun 2019-cu ildə Quba Uşaq Musiqi Məktəbində “Şən nəğməli günlər” adlı yekun konsert təqdim olunub. Tədbirdə şagirdlər, müəllimlər və valideynlər iştirak ediblər. Konsert hesabat xarakteri daşıyıb. Şagirdlər tədris ili ərzində öyrəndiklərini tamaşaçılar qarşısında nümayiş etdiriblər.
Əvvəlcə məktəbin direktoru İlqar Məmmədov çıxış edərək tədris ilinin yekunlaşması ilə əlaqədar hər kəsi təbrik edib. O bildirib ki, bu il məktəbin şagirdləri “Pianoçularların IV respublika müsabiqəsi”, “Uşaq və gənclər arasında xalq çalğı alətləri IV respublika müsabiqəsi”ndə uğurla çıxış ediblər. Nağara ixtisası üzrə Ariz Ömərov, qarmon ixtisası üzrə Ehtiram Ağayev, fortepiano ixtisası üzrə Bəturə Əsgərova fərqlənərək ikinci tura vəsiqə qazanıblar. 2018-2019-cu tədris ilində Quba Uşaq Musiqi Məktəbini 32 şagird bitirib. Onlardan bir neçə nəfəri orta ixtisas və ali təhsil müəssisələrində təhsillərini davam etdirəcək.
Daha sonra səhnə musiqiçilərin ixtiyarına verilib. Onlar tamaşaçılara bir-birindən maraqlı ifalar təqdim ediblər. İlk olaraq birincilər məharətlərini göstəriblər. Ardınca səhnəyə müsabiqə iştirakçıları çıxıb. Son hissədə isə məzunlar öz musiqi nömrələri ilə çıxış ediblər. İstedadlı məktəblilər müxtəlif alətlərdə yerli və xarici bəstəkarların əsərlərini, xalq mahnılarını və xor əsərlərini ifa ediblər. Onların çıxışları alqışlarla qarşılanıb.