11.07.2019
10.07. 2019-cu il tarixdə FHN-in Şimal Regional Mərkəzi tərəfindən Quba MKS – nin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin oxu zalında “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda seminar-müşavirə keçirildi. Müşavirədə FHN-nin Şimal Regional Mərkəzinin əməkdaşları, mədəniyyət işçiləri, kitabxanaçılar və kitabxananın fəal oxucuları iştirak edirdi. Tədbirdə müxtəlif xarakterli fövqəladə halların yaranma səbəbləri, məişətdə qazdan təhlükəsiz istifadə qaydaları və elektrikdən istifadə zamanı təhlükəsizlik tədbirlərinə dair məruzələr dinlənildi. Tədbiri giriş sözü ilə açan FHN-nin Şimal Regional Mərkəzinin əməkdaşı, baş leytenant Elvin Həmzəyev görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verərək qeyd etdi ki, hər bir vətəndaş fəlakətlər zamanı nə etməyi bilməli, yaşadığı ərazi üçün xarakterik olan fəlakətləri öyrənməlidir. O, həmçinin qeyd etdi ki, hər bir ailənin fəlakətlərə qarşı planı və hazırlığı olmalıdır. Sonra çıxış edən baş leytenant Rüstəm Şıxıyev “112” qaynar telefon xəttinə müraciət edilməsinin qaydaları haqqında məlumat verərək bildirdi ki, qaynar xəttə 24 saat ərzində ölkənin iri şəhərlərindəki şəhərdaxili telefonlardan, həmçinin bütün növ mobil operatorlardan zəng etmək mümkündür. O, ağır yol qəzaları, yanğınlar, təbii fəlakətlər baş verdikdə isə bu xəttə dərhal müraciət etməyin vacibliyini vurğuladı. Seminar-müşavirədə təkliflər səslənildi, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparıldı. Sonda mövzu ilə bağlı fotoslayd və videoçarx nümayiş olundu.