05.12.2019
Qusarda “Multikulturalizm Azərbaycanda həyat tərzidir” adlı regional festival keçirilib
5 dekabr 2019-cu il tarixində Qusarda Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzidir” adlı regional festival keçirilib.
Festivalda şimal regionunda fəaliyyət göstərən müxtəlif azsaylı xalqlara məxsus folklor kollektivləri və ifaçıları çıxış ediblər.
Qusar Mədəniyyət Mərkəzində təşkil edilən xalq yaradıcılığı nümunələrinin sərgisi və folklor kollektivlərinin çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəsi müavini Elxan Məhərrəmov bildirdi ki, "Multikulturalizm Azərbaycanda həyat tərzidir" adlı festivalın əsas məqsədi ölkəmizdəki zəngin mədəni irsin, multikulturalizm ənənələrinin təbliği, bölgələrin mədəni imkanlarının nümayişi, eləcə də rayonlararası mübadiləni gücləndirməkdir.
Qusar rayon İcra Hakimiyyətinin əməkdaşı Ceyhun Əhmədov çıxışında multikulturalizmin Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda, bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcud olduğunu qeyd etdi.
Bildirilib ki, Azərbaycanda, eləcə də şimal rayonlarında müxtəlif xalqların nümayəndələri, ayrı-ayrı dini dəyər daşıyıcıları mehriban şəraitdə yaşayır, birgə fəaliyyət göstərirlər. Burada multikultural dəyərlər, ənənələr qorunub saxlanılır.
Festivalda, ümumilikdə, 20-yə yaxın müxtəlif azsaylı xalqlara məxsus folklor kollektivləri və ifaçıları çıxış edib.